08 iyun 2018 10:56

Qlobal ərzaq qiymətləri yüksəlib - SÜD MƏHSULLARI KƏSKİN BAHALAŞIB

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, beynəlxalq bazarlarda taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərdən ibarət olan beş əsas qida maddəsinin qiymətlərini ölçən Ərzaq Qiyməti İndeksi, mayda əvvəlki aya nisbətən 1,2 faiz artaraq 176,2 bəndə yüksəlib.

FED.az xəbər verir ki, qlobal ərzaq qiymətlərinin yüksəlməsinə süd məhsulları qiymətlərində kəskin artım səbəb olub. Taxıl və süd məhsullarının qiymətlərində dünya miqyasında artım baş verərkən, şəkər və bitki yağı qiymətlərində azalma görülüb.

Süd Məhsullarının Qiymət İndeksi mayda əvvəlki aya nisbətən 5,5 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 11,5% artıb. Bu dəyişikliyə, Yeni Zelandiyanın ixracının azalması səbəb olduğu güman edilir.

Taxıl Qiyməti İndeksi ötən ay 2,4 faiz artmışdır. Beləliklə, indeks keçən ilə nisbətən 17 faiz artıb, 2015-ci ilin Yanvar ayından bəri görülən ən yüksək səviyyəyə çatıb.

Bitki Yağlarının Qiymət İndeksi isə mayda 2,6 faiz azalaraq son 27 ayın ən aşağı səviyyəsinə enib.

Sözügedən ayda Ət Qiyməti İndeksində cüzi geriləmə baş verərkən, FAO Şəkər Qiyməti İndeksi də 0,5 faiz geriləyib. Bu azalmaya, dünyanın ən böyük şəkər istehsalçısı və ixracatçısı olan Braziliyanın mühüm istehsal sahələrindəki yüksək məhsuldarlıq səbəb olub.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz