31 may 2018 14:56

Borcumuzun 94%-i xaricilərədir - RƏSMİ AÇIQLAMA 

"2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17 milyard manat təşkil edib, ümumi dövlət borcu məbləğinin 93,9 faizi xarici dövlət borcuna, 6,1 faizi daxili dövlət borcuna aid olub".

 

FED.az  xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, xarici dövlət borcunun valyutalar üzrə bölgüsündə 2017-ci il ərzində müəyyən dəyişikliklər olub: "Xarici dövlət borcunun valyuta üzrə bölgüsünə nəzər yetirdikdə qeyd etmək olar ki, ABŞ dolları ilə cəlb olunması nəzərdə tutulan borcun məbləği hesabat ilinin əvvəli ilə müqayisədə 30,2 faiz artaraq faktiki xarici borcun ABŞ dolları ilə ifadəsində 44,8 faiz artımına şərait yaradıb. Eyni zamanda, bu meyl kredit sazişlərinin müddətlər üzrə bölgüsünə də təsirsiz ötüşməyib. Belə ki, kredit sazişinin bölgüsündə 10 ildən 20 ilə qədər olan dövrlərdə borcun həcminin faktiki xarici borcda xüsusi çəkisi 40 faizdən 51,2 faizə qədər yüksəlib".

 

V. Gülməmmədov qeyd edib ki, 2017-ci ilin sonuna dövlət borcunun ÜDM-ə nisbəti 24,3%, adambaşına düşən borc isə manat ifadəsi ilə 1718,3 manat təşkil edib.

 

"Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ümumi dövlət borcu məbləğinin 93,9 faizi xarici dövlət borcuna, 6,1 faizi daxili dövlət borcuna aid olub. Hesabat ilində daxili borcun ÜDM-ə faiz nisbəti 1,5 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin ixraca nisbəti 6,4 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti 9,2 faiz təşkil etməklə qəbul olunmuş sərhədlərdən də aşağı olub", - deyə V. Gülməmmədov vurğulayıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin