25 may 2018 12:46

"Azərovçu"nun verdiyi biletlər qüvvədə deyil - "ONLAR OVÇU DEYİLLƏR"

"Biz gələcəkdə Azərbaycan ərazisində ov fəaliyyətinin məhdudlaşdırılmasında maraqlıyıq. Lakin biz bu məsələdə yerli ovçuların, turistlərin də maraqlarını nəzərə almalıyıq".

FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında ov fəaliyyəti qadağan edilib: "Naxçıvanda bunun müsbət tərəfləri özünü göstərməkdədir. Artıq bəzi növlərin sayı artıb".

H.Əlizadə deyib ki, Azərbaycanda qanunsuz ovlanma səbəbindən hansısa növün azalması barədə məlumat yoxdur.

ETSN rəsmisi onu da bildirib ki, Azərbaycanda təxminən 25 min ovçu var: "Azərbaycanda ovçuluq biletini yalnız ETSN vermir. 2014-cü ildən etibarən Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqı da müəyyən qrup insanlara ovçuluq bileti verir. Buna görə də hazırda həm ETSN, həm də Hərbi Ovçuluq İttifaqı tərəfindən bilet alanlar ovçu sayılırlar. Qanunvericilik dəyişməmişdən əvvəl bəzi ovçular "Azərovçu" İctimai Birliyi tərəfindən biletlər alıb. Lakin o biletlər bu gün qüvvədə deyil. Onlar ovçu deyillər, sadəcə olaraq , öz biletlərini saxlayıblar".

H.Əlizadə əlavə edib ki, ETSN tərəfindən verilən ovçuluq biletlərinin istifadə müddəti 2 ildir. Ovçuluq bileti almaq üçün test imtahanı keçirilir. Bununla bağlı nazirlikdə xüsusi komissiya fəaliyyət göstərir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz