25 may 2018 10:42

Azərbaycanda hansı türk bankı daha uğurludur? – YAPI KREDİ VƏ YA ZİRAAT

Ən böyük ticarət və strateji portnyorumuz olan Türkiyə ilə Azərbaycan arasında bank əməliyyatlarının həcmi də yüksəkdir. Bu əməliyyatların böyük hissəsi elə türk banklarının   payına düşür. Qardaş ölkə Azərbaycanın bank bazarında iki bankla təmsil olunur. Bunlar 100% türk sərmayəli Ziraat Bank Azərbaycan və Yapı Kredi Bank Azərbaycandır. Bəs Türkiyənin hansı bankı Azərbaycanda daha uğurludur? FED.az hər iki bankın fəaliyyətini maliyyə göstəriciləri əsasında müqayisə etdi.
 
15 illik tarixi fərq


Formal olaraq Yapı Kredi Bank Azərbaycanda daha əvvəldən - 2000-ci ildən fəaliyyət göstərir, Ziraat Bank Azərbaycan isə cəmi 3 il əvvəl - 2015-ci ildən işə başlayıb. Hərçənd, hələ 1996-cı ildən Ziraat Bankası 12,37 % payla Azərbaycanın ilk dövlət bankı Azər-Türk Bankın səhmdarlarından biri idi.

Yapı Kredi bank Azərbaycan QSC nüfuzlu Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır. İlk illərdə bankın inkişafı çox sürətlə davam etdi. Hər iki ölkədəki iqtisadi inkişaf templəri eyni zamanda bank sektoruna və ölkələrarası bank əməliyyatlarının dinamikasına müsbət təsir göstərdi. Bu potensialı görən Türkiyənin dövlət bankı - Ziraat Bank da müstəqil şəkildə Azərbaycanın bank sektorunda təmsil olunmaq haqqında qərar verdi.

Bank əvvəlcə Azər-Türk Bankda böyük pay almaq istədi, lakin buna razılıq əldə olunmadıqda müstəqil şəkildə bank xidmətləri göstərmək üçün Mərkəzi Bankdan müvafiq lisenziya əldə etdi. Beləliklə, 2015-ci ildə Azərbaycanda devalvasiyanın yaratdığı kəskin maliyyə böhranı dövründə Ziraat Bank Bakıda işə başladı.

Hər iki bankın Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsində, investisiya yatırımda böyük yeri var və türk-azərbaycan iş adamlarının dövlətlərarası bank əməliyyatlarında müxtəlif payları bölüşdürürlər.
 
“Yapı Kredi”nin işçilərini «əlindən aldı»

Təbii ki, ikinci bir türk bankının, xüsusən də dövlət bankının fəaliyyətə başlaması, Yapı-Kredi Bank Azərbaycanın müştərisi olan bir qism türk iş adamının bank seçimini dəyişdi. Hətta    hazırda Ziraat Bank Azərbaycanda çalışan əməkdaşların 80 faizi elə vaxtilə Yapı Kredi Bank Azərbaycanda işləmiş kadrlardır.

Beləliklə, ikinci türk bankının yaranması ilə həm müştərilər, həm də əməkdaşlar bölüşdürüldü.
Hazırda bankların vəziyyəti necədir? Bunun üçün hər iki bankın 2015-ci ilin yükunu və 2017-2018-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini müqayisə etməyə çalışacağıq.
 
Devalvasiyadan kim itirdi, kim qazandı? – 2015-ci il

Ölkə iqtisadiyyatı və bank sektoru üçün həlledici olan 2015-ci ilə  Yapı Kredi Bank Azərbaycan və Ziraat Bank Azərbaycan fərqli statuslarda daxil olmuşdular.

2015-ci ildə Yapı Kredi Bank Azərbaycan 477 milyonluq aktivə malik olanda bazara yeni daxil olmuş Ziraat Bank Azərbaycan 90 milyon manat həcmində aktivə malik idi. Lakin hesabat ilin sonunda Yapı Kredi Bank Azərbaycan 38 min manatlıq mənfəət əldə etdiyi vaxt Ziraat Bank 3 milyon 311 min manatlıq mənfəət açıqladı. Təbii ki, burada Ziraat bankın bazara girdiyi dönəmdə devalvasiya olduğunu və bankın risklərə qarşı həssas və ehtiyatlı davranmasını nəzərə almaq lazımdır. Artıq 15 ildir ki, Azərbaycan bazarında olan Yapı Kredi Bank isə digər banklar kimi devalvasiyadan zərər çəkdi və bankın problemli kredit portfeli yüksəldi. Nəticədə kreditlər üzrə ehtiyata ayırmalar da artdı bu isə öz növbəsində bankın mənfəət göstəricilərinin düşməsinə səbəb oldu.
 
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2015)

Yapı Kredi Bank Azərbaycan Bankın adı Ziraat Bank Azərbaycan
477 647 Aktivlər 89 406
251 752 Kreditlər 10 379
409 690 Öhdəliklər 36 095
67 957 Kapital 53 311
38 Mənfəət 3 311
 
1il ərzində nələr dəyişdi? - 2016-cı il
 
2015-ci ilin dekabr devalvasiyasından sonra Azərbaycanın bütün banklarında olduğu kimi Türk banklarının Azərbaycandakı törəmələri də ziyan çəkdi. Ayrılıqda baxsaq, Yapı Kredi Bank Azərbaycanın aktivlərində nəzərə çarpacaq azalma və 3 ayın sonunda 10 milyonluq zərər açıqlaması bu banka mənfi təsirlərin daha güclü olduğunu göstərdi.
 
Çünki kredit portfeli daha böyük olan Yapı Kredi Bank Azərbaycan kreditlərin vaxtında qaytarılmaması  problemi ilə üzləşdi. Bankdan depozitlərin geri çəkilməsi halı az olsa da, ehtiyata ayırmalarını artırmağa, passiv və mühafizəkar bankçılıq fəaliyyətinə keçməsinə səbəb oldu. 2016-cı il üzrə konsalidaisya olunmuş audit nəticələri də il ərzində bu tendensiyanın davam etdiyini göstərdi. Bankın aktivləri 17 milyon manat azaldı, yekunda Yapı Kredi Bank 3 milyon 121 min manat həcmində zərər açıqladı.
 
Ziraat Bank Azərbaycan isə “problemli kredit dərdi”ndən azad olduğu üçün əksinə, aktivlərinin artması ilə önə çıxdı. 2016-cı ilin ilk 3 ayında bankın aktivləri 90 milyon manatdan 114 milyon manata yüksəldi, kredit portfeli isə 10 milyondan 20 milyona qalxdı. Artım depozit portfelində və kapitalda da izləndiyindən bankın dinamika göstərdiyini demək olar. Nəticə isə ilin yekunundakı artım tendensiyasını ortaya qoydu. Audit rəyinə görə, Ziraat Bankın aktivləri 89 milyon 406 min manatdan 130 milyon 819 min manata qalxdı. Ümumilikdə bank sektorunda kredit aktivliyi azaldığı halda, Ziraat Bank Azərbaycan 2016-cı ilin yekun hesabatında 5 dəfədən çox artım qeyd etdi: müştərilərə verilmiş kredit və avanslar 53 milyon 724 min manata yüksəldi.

Bankların mənfəətində azalmalar qeydə alınsa da Türkiyənin dövlət bankı 2016-cı ilin yekununda ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 662 min manat mənfəət artımı əldə edərək 5 milyon 973 min manat yekun göstərici açıqladı.
 
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2016)
Yapı Kredi Bank Azərbaycan  Bankın adı Ziraat Bank Azərbaycan
460 055 Aktivlər 130 819
185 126 Kreditlər 53 724
395 219 Öhdəliklər 71 535
64 836 Kapital 59 284
-3 121 Mənfəət 5 973
 
 
Aktivlərin tərs tendensiyası – 2017-ci il
 
2017-ci il üzrə Ziraat Bank Azərbaycan audit hesabatını açıqlasa da, Yapı Kredi Bank Azərbaycan hələki təqdim etməyib. Nəzərə alsaq ki, audit rəyi son rüb üzrə göstəriciyə daha yaxın olur, bu səbəbdən də maliyyə göstəricilərini Ziraat Bankın yekun hesabatı, Yapı Kredi Bank Azərbaycanı isə 2017-ci ilin son rübü üzrə aparacağıq.
 
Maraqlıdır ki, Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin sonunda 10 milyon 110 min manatlıq mənfəət açıqladı. Mənfəətin strukturuna nəzər salsaq, bu ildə bankın faiz gəlirlərinin rüblər üzrə artdığını görə bilərik. Bu isə onu göstərir ki, bankın kredit portfelində müsbət irəliləyişlər və gecikmiş kreditlər üzrə belə faiz ödənişləri daxil olmağa başlayıb. Çünki artımı baş cür izah etmək olmur, ona görə ki, kredit portfelinin həcmi azalır.    
Rəqəmlərin müqayisəsini aparsaq, Yapı Kredi Bank Azərbaycanın kredit portfeli 2016-cı il ilə müqayisədə 39 milyon manat gerilıyib. Bankın aktivləri isə 33 milyon manat azalıb və 427 milyon manata düşüb. Azalma tendensiyası öhdəliklərdə də müşahidə olunur, yalnız kapital üzrə 8 milyon manata yaxın yüksəlmə qeydə alınır.
 
Ziraat Bankın aktivləri isə 2017-ci ildə 34 mlyon manat artaraq 184 milyon manata yüksəlib. Artım tendensiyası kredit portfeli, öhdəliklər, kapital göstəricilərinə də aiddir. Öhdəliklərin artımında müştəri hesablarının çoxalması əsas yer tutur.
Ziraat Bank Azərbaycan-ın yalnız il üzrə mənfəətində 1 milyon manatlıq azalma qeydə alınır. Yəni ilin sonunda bank 4 milyon manat mənfəət açıqladı. Buna səbəb isə son rübdə bankın aktivlər üzrə ehtiyata ayırmalara daha çox vəsait cəlb etməsi oldu.
 
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2017)
Yapı Kredi Bank Azərbaycan Bankın adı Ziraat Bank Azərbaycan
427 291 Aktivlər 184 501
146 008 Kreditlər 67 193
354 671 Öhdəliklər 121 209
72 619 Kapital 63 292
10 110 Mənfəət 4 008
 
Kreditlərin fərqli tendensiyası – 2018-ci il (I Rüb)
 
Bu ilin birinci rübünün nəticələrinə görə, Ziraat Bank Azərbaycanın aktivləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 47% yüksələrək 222 milyona çatıb. Yapı Kredi Bank Azərbaycanın  aktivləri isə 8% azalaraq 411 milyon manata düşüb. Ziraat Bank Azərbaycan öhdəliklərində və kredit portfelində yenə də müsbət dinamika göstərməkdə davam edib. Belə ki, depozitlərin də daxil olduğu öhdəliklər portfeli 73%, kredit portfeli isə 46% yüksəlib. Yapı Kredi Bank Azərbaycan üzrə isə hər iki  göstəricidə düşmə tendensiyasını davam etdirib. Bankın kredit portfeli 1 il ərzində 24% azalaraq 144 milyona, öhdəliklər isə 19% enərək 337 milyona düşüb. Ziraat Bank Azərbaycan bu ilin üç ayında 1 milyon 692 min manat mənfəət açıqladığı halda, Yapı Kredi Bankın mənfəəti 660 min manata enib. 
 
Yapı Kredi Bank Azərbaycan VS Ziraat Bank Azərbaycan (2018/1)
Yapı Kredi Bank Azərbaycan Bankın adı Ziraat Bank Azərbaycan
411 090 Aktivlər 222 557
144 242 Kreditlər 79 414
337 636 Öhdəliklər 154 707
73 454 Kapital 67,851
660 Mənfəət 1 692
 
 
 
Yapı Kredi Bank Azərbaycan  Ziraat Bank Azərbaycan - AKTİVLƏR
(min manat)

 
 
  2015 2016 2017 2018/1
Yapı Kredi Bank Azərbaycan 477 647 460 055 427 291 411 090
Ziraat Bank Azərbaycan 89 406 130 819 184 501 222 557
 
 
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - KREDİTLƏR
(min manat)

 
 
  2015 2016 2017 2018/1
Yapı Kredi Bank Azərbaycan 251 752 185 126 146,008 144 242
Ziraat Bank Azərbaycan 10 379 53 724 67 193 79 414
 
 
 
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - ÖHDƏLİKLƏR
(min manat)
 

 
 
  2015 2016 2017 2018/1
Yapı Kredi Bank Azərbaycan 409 690 395 219 354 671 337 636
Ziraat Bank Azərbaycan 36 095 71 535 121 209 154 707
 
 
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - KAPİTAL
(min manat)
 

 
 
  2015 2016 2017 2018/1
Yapı Kredi Bank Azərbaycan 67 957 64 836 72 619 73 454
Ziraat Bank Azərbaycan 53 311 59 284 63 292 67 851
 
 
Yapı Kredi Bank Azərbaycan VƏ Ziraat Bank Azərbaycan - MƏNFƏƏT
(min manat)
 

 
 
  2015 2016 2017 2018/1
Yapı Kredi Bank Azərbaycan 38 -3 121 10 110 660
Ziraat Bank Azərbaycan 3 311 5 973 4 008 1 692
 

 

İlhamə Abdullayeva 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz