23 may 2018 17:55

“Türk lirəsinin ucuzlaşması Azərbaycana da təsir edəcək”

“Türk lirəsinin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək”.

FED.az saytı xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə seçki yaxınlaşdıqca, lirə daha çox dəyər itirir:

“Siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının müasir durumunu çətinləşdirib. Son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib. Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu hələ də son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seşkilərədək təzyiq altında olacaq. Bu dövr ərzində lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Deməli onsuz da artan idxal bu səbədən də daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək”.

Eləcə də bax: Dollar 5 Türk lirəsinə yaxınlaşdı - 1 GÜNDƏ 5% "ÖLDÜ"

İqtisadçı qeyd edib ki, bununla yanaşı, Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər:

“Bu günlərdə ABŞ-ın İran vətəndaşı olan 5 nəfəri ünvanlı sanksiya siyahısına salması, son günlər sabitləşən İran milli valyutasının dəyərsizləşməsini sürətləndirəcək. Əgər mövcud proseslər Rusiyada da müşahidə olunarsa onda əsas ticarət tərəfdaşları olan ölkələrdən Azərbaycana idxalın artımı fonunda manata kənar təzyiqlər də çoxalacaq. Belə təsirlər həmçinin həmin ölkələrə ixracatın həcminin aşağı düşməsini də şərtləndirəcək.

Odur ki, Mərkəzi Bank və Gömrük Komitəsi Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan ölkələrdə son günlər müşahidə olunanlara adekvat munasibət bildirməli və preventiv tədbirlər vasitəsilə real effektiv məzənnənin təsirlərini tənzimləməlidir”.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin