23 may 2018 13:00

Vergi ödəyiciləri elektron qaimədən yayınır – NAZİRLİK 

Vergi qanunvericiliyinin tələblərinə əsasən, 2018-ci il yanvarın 1-dən etibarən bütün vergi ödəyiciləri təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə elektron qaimə-faktura (e-qaimə-faktura) təqdim edirlər. Bununla yanaşı FED.az xəbər verir ki, vergi ödəyicilərinin bir hissəsi hələ də elektron qaimədən yayınır.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin əməkdaşı Emil Əzizlinin bildirdiyinə görə, 2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində ümumilikdə e-qaimə-fakturaların sayı 2 milyon 651 min 795 ədəd olub. Onlardan 2 milyon 421 min 745  ədədi Bakı şəhəri, 230 min 50-i isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə fakturalar üzrə əməliyyatların məbləği 14,1 milyon manat təşkil edib.

Bununla belə, aparılan təhlillər vergi ödəyicilərinin e-qaimə-faktura tətbiqindən hələ də yayınmağa çalışdığını göstərir. Müstəqil ekspertlər də bu halları təsdiq edirlər.

Ödəyicilər dürüst uçot sistemi  qurmaq istəmirlər

Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov hesab edir ki, e-qaimələrin tətbiqi zamanı rast gəlinən əsas məsələ vergi ödəyicilərinin dürüst uçotunun olmaması və düzgün mühasibatlıq qurmaq istəməmələri ilə bağlıdır. Ödəyicilərin bir-birinə mallar və xidmətlərə görə e-qaimə-faktura tələb etməmələri müəyyən nöqsanlar ortaya çıxarır. Ödəyici nə özü sənədi təqdim edir, nə də ondan mal alan şəxslərə e-qaimə-faktura təqdim etməsinə imkan verir. Hər iki tərəf dövriyyələrini gizlətmək üçün bu üsula əl atırlar. Çünki e-qaimə-faktura sayəsində vergi ödəyicisinin bütün fəaliyyəti, gün, ay, il ərzində apardığı əməliyyatlar öz əksini tapır. Həmin vergi ödəyiciləri qeyd olunan sənədin təqdim edilmədiyi halda, bunun vergi uçotuna sonrakı mənfi təsirini ya dərk etmir, yaxud dərk etmək istəmirlər.

E-qaimə-faktura təkcə vergi sahəsi ilə məhdudlaşmır: hazırda maliyyə, bank, sığorta və digər fəaliyyət sahələrinin elektron mühasibatlıq sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bu amillər e-qaimənin tətbiqini labüd edir.

A.Cəfərovun dediyinə görə, hazırda bəzi ödəyicilərin mühasibləri olmadığı üçün onlar vergi bəyannamələrinin tərtib edilməsində özəl vergi məsləhətçilərinin xidmətində yararlanırlar. Mühasibatlıq üçün əlavə xərc lazım gəldiyindən, bir çox vergi ödəyicisi ondan imtina edir və bu, nəticədə onların vergidən yayınmasına səbəb olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin mütləq öz mühasibatlığı olmalıdır.

Bəs e-qaimə-fakturanın təqdim olunmaması təsərrüfat subyektlərində hansı problemlərə gətirib çıxarır? Ekspert qeyd edir ki, bu, vergidən yayınma hallarının artmasına və vergi ödəyiciləri arasında əməliyyatlar zamanı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, e-qaimə-faktura ilə bağlı yaranan mənfi halların aradan qaldırılması üçün bəzi prosedurların asanlaşdırılmasına, ən əsası isə bazar sektorunda malların alışı ilə bağlı sadələşdirilmiş qaydaların tətbiq edilməsinə ehtiyac var. Vergi ödəyicilərinin daha geniş formada maarifləndirilməsi də zəruridir. Bu məsələdə vergi orqanları ilə yanaşı, maliyyə, audit, biznes qurumları, ictimai təşkilatlar birlikdə təşviqat xarakterli tədbirləri artırmalıdırlar.

Uçotun aparılmaması vergidən yayınmaya gətirib çıxarır

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti, vergi məsələləri üzrə ekspert Radil Fətullayevin sözlərinə görə, ölkə ərazisində sənədsiz malların satılması qanuna ziddir: «Aydındır ki, hər bir mal ya ölkə ərazisində istehsal olunur, ya da xaricdən idxal edilir. Hər iki halda onlar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır».

 Hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verməyə borcludur. E-qaimə-faktura sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla, gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir.

Elektron qaimə-fakturanın tətbiq edilməməsi maliyyə sanksiyalarına səbəb olur

Mövcud qanunvericilik elektron qaimə-fakturaların tətbiq edilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədindən ən azı biri olmadıqda:

· alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10% -i;

· ikinci dəfə yol verdikdə 20%-i;

· üç və daha çox dəfə yol verdikdə 40 %-i həcmində maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyası elektron qaimə-faktura təqdim etməli olan yox, təhvil almalı vergi ödəyicisinə tətbiq edilir. Zünki qeyd edilən 3 sənəddən (malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ən azı biri olmadıqda, maliyyə sanksiyası artıq həmin malların dəyərinə tətbiq olunur.

Vergi  Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim olunmamasına görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmayıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin