23 may 2018 11:15

Azərbaycan və Serbiya arasında aviareyslər açılacaq

Bu il mayın 21-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında" saziş imzalanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən FED.az-a verilən məlumata görə, saziş layihəsi üzrə danışıqlar prosesi 2011-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası ilə Serbiyanın Mülki Aviasiya Direktorluğu arasında qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması ilə başlayıb. Daha sonra iki ölkənin aviasiya hakimiyyətləri ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclas protokoluna uyğun olaraq sözügedən sazişin imzalanmaq üçün hazırlanması məqsədi ilə danışıqlar aparıblar.

"Hava əlaqələri haqqında sazişin imzalanması tərəflərin təyin olunmuş aviaşirkətlərinə ölkələrimiz arasında müntəzəm reysləri açmaq imkanı verməklə yanaşı, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin inkişafına da yardım edəcək", - deyə məlumatda vurğulanıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz