17 may 2018 14:33

Yeni tətbiq ediləcək icbari sığorta üçün modelin hazırlanması qərara alındı

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib. 

FED.az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, sədr müavini və digər nümayəndələri, “A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini, “Atəşgah Sığorta”, “AXA Mbask", “PAŞA Sığorta” ASC-lərin nümayəndələri və sahə üzrə mütəxəssislər, həmçinin “Caspian Legal Center” hüquq şirkətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsi təqdim olunub. ABŞ, Avropa ölkələri, Türkiyə, Sinqapur və Hindistan kimi ölkələrin təcrübəsinə əsaslanan məlumat verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.

Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər. 

Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin