06 aprel 2018 19:33

Tələbələrə dəstək, yoxsa sadəcə biznes – TƏLƏBƏ YATAQXANALARI

Xaricdə əmlak almaq üçün ən yaxşı variantlardan biri tələbə əmlakına – yataqxanalara pul yatırmaqdır. FED.az xəbər verir ki, son illər tələbə yataqxanaları biznesi dünyada sürətlə populyarlaşır. Bu özünü xüsusilə təhsil ölkələrində, yəni universitetlərin və tələbələrin sayının çox olduğu şəhərlərdə göstərir.
Məsələn, Britaniya universitetlərində tələbələrdən 40%-i xaricilərdir. Belələri təkcə oxumaq üçün deyil, yaşamaq üçün də yer axtarırlar. Universitetlərin öz kampuslarında yerlər bütün tələbələrə çatmadığından tələbələrin bir hissəsi özəl yataqxanalarda qalmalıdırlar.
 
İnvestorlar yataqxanalara axışırlar
Dünyada tələbə yataqxanalarına yatırılan investisiyaların həcmi tarixi rekorda çatıb. Qlobal daşınmaz əmlak bazarını araşdıran «Savills» şirkətinin məlumatlarına görə, 2016-cı ildə investorlar yataqxanalara 16,45 mlrd. dollar pul qoyublar. 2015-ci ildə bu göstərici  15,6 mlrd. dollar olmuşdu. Başqa sözlə, bir il ərzində yataqxanalara qoyulan vəsaitlər 5,4% və ya təqribən 1 milyard dollar artıb. 2014-cü illə müqayisədə isə yataqxanalara yatırılan məbləğ iki qat artıb.
Araşdırmalar göstərib ki, tələbə yataqxanasına vəsait qoyan investorlar üçün ən populyar istiqamət ABŞ və Böyük Britaniyadır – bu sahəyə yatırılan bütün sərmayənin 84%-i bu iki ölkənin payına düşür. 2016-cı ildə ABŞ-da yataqxanalara 9,82 milyard dollar, Britaniyada isə 3,84 milyard dollar yatırılıb. Yeri gəlmişkən, Britaniyada 2015-ci ildə bu rəqəm 7 milyard dollardan artıq idi.
Amma məsələ təkcə bu rəqəmlərdə deyil, onların hansı sürətlə artmasındadır. Belə ki, «Savills»in məlumatlarına görə, ABŞ-da tələbə yataqxanalarına yatırılan vəsaitlər bir il ərzində 65% yüksəlib. Britaniyada isə əksinə, bu göstərici 2 dəfə azalsa da, ada dövləti hələ də ABŞ-dan sonra ikinci «yataqxana bazarı»dır.
Kontinental Avropada da yataqxanalara əsl axın başlayıb. Belə ki, Fransada 2017-ci ildə yataqxanalara yatırılan vəsaitlər 3,5 dəfə artaraq 169 milyon avroya, Almaniyada isə 4,8 dəfə artaraq 741 milyon avroya çatıb. 2017-ci ilin sonuna Almaniyanın yataqxanalarına azı 1 milyard avro sərmayə qoyulacağı gözlənilirdi. 
Ümumilikdə Avropada yataqxana biznesinə yatırılan investisiyalar son bir ildə 26% artıb. İspaniya, Polşa, Macarıstan, Portuqaliya və Çexiyadakı yataqxanalar da investorların diqqətini cəlb etməkdədir, çünki həmin ölkələrdə hələ də tələbə yataqxanalarının qıtlığı hiss edilir və sürətlə yeni yataqxanalar tikilir. Məsələn, ötən ilin sentyabrında «AXA Investment Managers-Real Assets» şirkəti İspaniyada 37 obyekt alıb.
 
Tələbə yataqxanaları hazırda dünyada ən uğurlu daşınmaz əmlak yatırımlarından biri sayılır. Bu növ əmlak xüsusilə ABŞ-da və Avropada – Böyük Britaniya və Almaniyada populyardır. Səbəbi həmin ölkələrdə yataqxanalara tələbatın yüksək olmasıdır. Məsələn, Britaniyada demək olar ki, bütün əsas universitet şəhərlərində bazarda böyük sıxlıq müşahidə edilir. Gəlirliyin artmasının səbəblərindən biri də yataqxanaların sayının az olması bazara yeni operatorların daxil olmasının çətinliyidir.
 
Yataqxanalar ofis və ticarət mərkəzlərin üstələyib
Araşdırmalar göstərir ki, dünyanın daşınmaz əmlak bazarına investisiya sahəsində tələbə yataqxanaları,  ofis və ticarət mərkəzlərini üstələyir. Belə ki, 2016-ci ildə kommersiya əmlakına yatırılan investisiyaların 37%-i yataqxanaların payına düşüb. Ofislər bazarın 34%-nə, ticarət mərkəzləri isə 29%-ə malikdir.Yataqxana müştərilərinin sıraları da genişlənir. İndiyədək yataqxanaları dövlət və kommersiya investisiya fondları alırdısa, indi onların sırasına pensiya fondları və sığorta şirkətləri də qoşulub. Savills agentliyində bildirirlər ki, yatırımın bu növu yaxşı gəlir gətirməklə yanaşı, həm də digər bazarlara – məsələn, ahıllar üçün yataqxana bazarına çıxmağa da imkan yaradır.
Belə ki, dünyanın ən böyük yataqxana bazarı sayılan ABŞ-da belə yatırımların illik gəlirliyi 5,9% təşkil edir. Halbuki mənzillərdə bu göstərici 5,6%, ofislərdə isə 5,2% təşkil edir. Yataqxanaların ən böyük gəlir gətirdiyi ölkələrdən biri də Avstraliyadır – ildə 6%.
 
Churchills Private Wealth Management-in proqnozlarına görə, son illər sürətli inkişaf müşahidə edilən tələbə yataqxanaları biznesi 2018-ci ildə də cəlbedici və gəlirli sahə olacaq. Belə ki, qarşıdakı 12 ay ərzində Böyük Britaniyanın yataqxanalarına yatırılan vəsaitlər ildə 9,2% gəlir gətirəcək. Ötən illə müqayisədə bu, 0,4% artıqdır. Dünyanın əmlak mərkəzi sayılan Britaniyada daşınmaz əmlakın başqa heç bir növü belə yüksək gəlir gətirmir.
 
Tələbə yataqxanaları neçəyədir? – QİYMƏTLƏR
Tələbə yataqxanaları sərfəli olduğu qədər də bahadır və bura yatırım etmək üçün iri məbləğdə investisiya tələb olunur. Məsələn Londonda 1999-cu ildə inşa edilmiş tələbə yataqxanası 4,5 milyon funt sterlinqə təklif edilir. Satış elanında bildirilir ki,  Londonun cənub-qərbindəki bu yataqxana 4 mərtəbəli binadır, burada 39 otaq var. Onlardan 17-si təkadamlıq, 21-i ikinəfərlik, biri isə mənzildir. Burada hər 4 otağın bir mətbəxi və qonaq otağı var.
Binanın damında günəş batareyaları, həyətdə isə sakinlər üçün camaşırxana, istixana və velosiped dayanacağı var. Yataqxananın yaxınlığında mağazalar, restoran, vağzal və ictimai nəqliyyat dayanacağı var.
 
Tələbə əmlakının məşhur olduğu digər ölkədə, Almaniyada da yataqxanalar ucuz deyil. Berlində 175 otaqlı yataqxana 15 milyon 880 min avroya təklif edilir. Binanın texniki vəziyyəti yaxşıdır və əsaslı təmirə ehtiyac yoxdur. Yataqxana binanın sahibi ilə 2028-ci ilədək müqaviləyə malikdir və müqavilənin uzadılması imkanı da var. Satıcı bildirir ki, real alıcılara pulun 60%-ni bankdan götürməyə də kömək edə bilər, amma investor ilkin olaraq 7,2 milyon avro yatırmalıdır. Bu obyektin illik icarə gəliri 775 min avroya çatır.
Almaniyanın digər şəhərində - Münxenqladbaxda isə 252 nömrəlik yataqxana cəmi 6 milyon avroya satılır. 1975-ci ildə inşa edilmiş binanın vəziyyəti yaxşıdır, təmirə ehtiyacı yoxdur. Yataqxananın 101 maşınlıq dayanacağı da var. İnvestorlar bu obyekti alarkən vəsaitin 50%-ni bankdan da götürə bilərlər (illik 2% faiz dərəcəsi ilə), bir şərtlə ki, özlərində 3,4 milyon avro olsun.
 
Tələbə apartamentləri
Yataqxana üçün vəsaiti çatmayanlar güclərini tələbə mənzillərində sınaya bilərlər. Yataqxanalar kimi, bu əmlaklara da tələbələr tərəfindən böyük tələbat var. Məsələn, Britaniyada tələbə mənzillərinin illik gəlirliyi 8-12% arasında dəyişir. Ən ucuz mənzil isə 36-40 min funt sterlinqdir. Indriksons.ru portalının məlumatına görə, Londonda tələbə əmlakının minimum qiyməti 200 min funt, Kembric və Oksfordda isə 70 min funt təşkil edir. Bu mnzillərdə icarə haqları da fərqlidir. Londonda icarə haqları həftədə 190-410 funt, Kembricdə 170-250 funt, Oksfordda isə 165 funtdan yuxarıdır.
Təlbə mənzilləri Britaniyanın əksər şəhərlərində mövcuddur. Məsələn, Liverpulda sahəsi 17 kvadratetr olan tələbə apartamenti 70 min funta satılır.  Yeni yaşayış kompleksində yerləşən mənzildə yaşayanlar konseryej, velosiped dayanacağı, kinoteatr, trenajor zalı, ümumi mətbəx və oyun zalı kimi xidmətlərdən də istifadə edə biləcəklər. Belə mənzili ildə 4,9 min funta və ya ayda 400 funta kirayəyə vermək mümkündür. Bu hesabla mənzilin gəlirliyi ildə 7% təşkil edir ki, bu da olduqca sərfəli variantdır. 19-23 kvadratmetrlik oxşar mənzillərin qiyməti isə 70-99 min funt arasında dəyişir. 
Amma belə əmlak alanda təkcə evin özünü deyil, burada yaşayacaq tələbələrin oxuduğu universiteti də yaxşıca araşdırmaq lazımdır. Belə ki, əgər universitetdə yeni fakültələr ya da məsələn biznes məktəblər açılmırsa, onda hətta ona ən yaxın olan mənzil də boş qala bilər, ona icarəçi tapmaq çətin olacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin