17 mart 2018 11:11

Tikinti şirkətləri üçün pis xəbər – MAAŞLARDA YENİ QAYDA

Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərini xoşagəlməz sürpriz gözləyir. FED.az xəbər verir ki, yaxın vaxtlarda tikinti sektorunda maaşların hesablanması və əmək haqqından sosial sığorta ödənişlərinin tutulması ilə bağlı yeni qaydaların tətbiqi gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov «Real TV»yə bildirib ki, hazırda nazirlik tikinti aparan təşkilatlarda sosial sığorta haqlarının normativlər əsasında ödənilməsi haqqında yeni qanun layihəsi üzərində işləyir. Yeniliyin məğzi ondan ibarətdir ki, normativlərə əsasən, tikintinin hər kvadratmetri üçün əmək haqqının məbləği hesablanacaq.

Bu əmək haqqından isə sosial sığorta ödənişləri – DSMF-ə ödəmələr hesablanıb tutulacaq. Nazir bildirib ki, bu üsul tikinti sektorunda əmək haqlarının gizlədilməsinin, işçilərin rəsmiləşdirilməməsinin və bunun nəticəsində vergidən yayınmanın qarşısını alacaq: «Bu üsul bir sıra ölkələrdə, o cümlədən Türkiyə də uğurla tətbiq edilir. Məsələn, Türkiyədə tikintidə hər kvadratmetrə əmək haqqının məbləği bəllidir və ona görə sosial sığorta haqqı ödənilməlidir. İstəyirsən 5 işçi rəsmiləşdir, istəyirsən 15, fərqi yoxdur».


Eləcə də bax: Köhnə binalarda evlər bahalaşır

S.Müslümov bildirib ki, tikinti gedirsə, onun hər kvadratmetrinə müəyyən qədər, vergi ödənilməlidir: «Məsələn, tutaq ki, hər kvadratmetrə görə 50 manat əmək haqqı düşür, bu da o deməkdir ki, tutaq ki, 10 min kvadratmetr tikinti aparılırsa, həmin 10 min vurulacaq 50 manata, edir 500 min manat. Bu məbləğin 22%-i işəgötürən, 3%-i isə işçi tərəfindən olmaqla, ümumilikdə 25% və ya 125 min manat DSMF-ə ödənilməlidir».

Bu zaman tikintidə neçə işçinin çalışdığı və onlardan neçəsinin rəsmiləşdirildiyi önəm daşımayacaq: «İstəyirsən 3 nəfər rəsmiləşdir, istəyirsən 300 nəfər. Öz işindir, amma rəsmiləşdirməsən lap pis, səni cərimə də edəcəklər»-deyə nazir gözlənilən yeniliyin sahibkarlar üçün həssas tərəflərini açıqlayıb.

S.Müslümov bildirib ki, hazırda nazirlik əmək haqqının normativlər sistemi hesablanması sisteminin tətbiqi üzərində işləyir və qanunvericiliyə dəyişikliklər hazırlanır: «Biz bununla Amerika kəşf eləmirik, bu sistem dünyanın bir sıra ölkələrində işləyir».

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz