13 mart 2018 19:23

Dəmiryoluna sərmayə qoyulacaq - 5 MİLYARD DOLLAR

2010-2022-ci illərdə Azərbaycanın dəmir yollarına qoyduğu investisiyalar beş milyard dollara yaxın təşkil edəcək.

Bunu Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda konfrans zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov deyib.

O qeyd edib ki, proqnozlara əsasən Avropa İttifaqı ilə Çin arasında yük dövriyyəsi 2030-cu ilədək iki dəfə artacaq:

“Bu proseslərdən kənar qalmamaq üçün Azərbaycan ölkənin dəmir yollarının inkişafı üzrə işlər həyata keçirməlidir. İşin böyük hissəsi artıq görülüb: Bakı-Tbilisi-Qars dəmir yolu işə salınıb, “Şimal-Cənub” layihəsi reallaşdırılır. Ümumilikdə dəmiryolu infrastrukturunun inkişafı üçün 2010-cu ildən 2022-ci ilədək 4 879,32 milyon dollar investisiya qoyulması planlaşdırılıb. Bu investisiyanın bir hissəsi yerləşdirilib, qalan hissəsi 2022-ci ilədək yerləşdiriləcək”.

H.Valehov əlavə edib ki, vəsaitin böyük hissəsi dəmir yollarının rekonstruksiyası və elektrikləşdirilməsi, Bakı – Böyük-Kəsik dəmir yolunun əsaslı təmiri, vaqon parkının yenilənməsi, sərnişin və yük lokomotivlərinin satın alınmasına gedir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz