13 mart 2018 09:30

İdxal bahalaşdı, yerli istehsal dirçəlir - MARKET RƏFLƏRİNDƏ YER ALIRLAR

Ötən ildən başlayaraq dünya bazarlarında kərə yağının bahalaşması ilə əlaqədar olaraq Azərbaycana idxal olunan yağların qiymətləri yüksəlmişdir. Bu proses yerli istehsalçıların xeyrinə olub.

FED.az xəbər verir ki, kərə yağının istehsalı xaricdən idxal olunan analoqlarından baha başa gəldiyindən Azərbaycanın süd emalı zavodları bu məhsula maraq göstərmirdilər. Ötən ilin ikinci yarısından başlayaraq idxal kərə yağının kiloqramının 17-22 manat səviyyələrinə yüksəlməsi yerli istehsalçıları hərəkətə keçirib.

Ötən ilin sonlarında market rəflərində yalnız yerli istehsal kərə yağlarından “SƏBA” gözə dəyirdi. Əvvəllər “Atena”, “Milla” şirkətləri kərə yağı istehsal etsələr də sonradan istehsalı dayandırmalı olmuşdular. Bu gün marketlərdə yerli “SƏBA” kərə yağı ilə bərabər, “Atena” şirkətinin “Atena”, “Xırman” şirkətinin “Qaymaq”, “Bərdə yağ – Pendir Azqida” MMC-nin “Bərdə” markalı kərə yağlarına da rast gəlinir.

Məsələn, “Meqa Store” supermarketində 200 qramlıq “SƏBA” kərə yağı 3.29 manata, 200 qramlıq “Atena” kərə yağı 3,24 manata, 200 qramlıq “Qaymaq” kərə yağı 4.59 manata təklif olunur.

500 qramlıq qablaşdırmada “Səba” 7,57 manata, “Qaymaq” 8,99 manata, 1 kiloqramlıq qablaşdırmada olan“Bərdə” kərə yağı isə 13.67 manata təklif olunur.

“Qaymaq” xaric, digər yerli yağlar xarici analoqlarından ucuzdur. Məsələn, xaricdən idxal olunan 200 qramlıq “Westgold” kərə yağı 3.80 manata, “Wellington” 3.67 manata satılır.

Yerli kərə yağı istehsalının artması südə təlabatı artıra bilər. Bu, alıcıların nə qədər yerli kərə yağlarına üstünlük verəcəklərindən asılıdır.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz