09 mart 2018 18:20

ABŞ-ın yeni tarifləri: ticarət müharibəsi başlayır?

Çin ABŞ-ı iqtisadi qarşıdurma ilə təhdid edir, Avropa İttifaqı və Yaponiya Dünya Ticarət Təşkilatına şikayətlənir, Kanada məmnundur. Trampın tətbiq etdiyi yeni tariflər nə ilə nəticələnəcək?

FED.az Euronews telekanalına istinadla xəbər verir ki, polad və alüminium idxalına tətbiq olunan yüksək rüsumlar ABŞ-a beynəlxalq arenada sərt həmlələr və Amerika məhsullarının ixracı ilə bağlı problemlər vəd edir.

ABŞ Prezidenti Donald Tramp martın 8-də metallurgiya sənayesi nümayəndələrinin qarşısında təntənəli şəraitdə polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz rüsum tətbiq edilməsi barədə fərman imzalayıb. Ağ ev bu addımın daxili bazarı qorumaq məqsədilə atıldığını bildirib. Bunun cavabı özünü çox gözlətməyib.

Fransanın iqtisadiyyat naziri Bruno Le Mer Twitter səhifəsində ticarət müharibəsində qalibin olmadığını yazıb. O, Avropa İttifaqındakı tərəfdaşları ilə birgə ABŞ-ın fəaliyyətinə qarşı layiqli cavab hazırlamağı vəd edib.

Vaşinqtona qarşı mümkün addımlardan biri kimi Dünya Ticarət Təşkilatına şikayət edilməsi qeyd olunur. Aİ, Cənubi Koreya və Yaponiya ABŞ rüsumlarını bu təşkilatda müzakirəyə çıxarmaq niyyətindədir. Eyni zamanda, Yaponiya hökumətinin katibi Yosihide Suqa Gündoğar ölkəni yeni rüsumlardan azad etmək üçün ABŞ-a müraciət ünvanlamağa söz verib.

“Ağ siyahı” artıq peyda olub. Hələlik buraya Meksika və Kanada daxildir – Vaşinqton bu dövlətlərlə azad ticarət üzrə Şimali Amerika sazişinin daha sərfəli şərtləri barədə razılığa gəlməyə çalışır. Ottava bu qərarı daha təbii hesab edir. Kanadanın xarici işlər naziri Hristi Frilandın sözlərinə görə, “ölkəsinin ABŞ-ın təhlükəsizliyinə hər hansı bir təhlükə daşıması təsəvvür oluna bilməz”. O, gələcəkdə Kanada məhsullarına bu cür rüsumların tətbiqinin mümkünlüyünü tam istisna etmək üçün hökumətin danışıqları davam etdirəcəyini bildirib.

Avstraliya da öz növbəsində “ağ siyahıya” salınacağı vədini məmnuniyyətlə qarşılayıb. Baş nazir Malkolm Törnbull hesab edir ki, ABŞ-ın Avstraliya ilə ticarət balansı nəzərə alınsa, öz tərəfdaşının məhsullarına rüsum tətbiq etməsi Birləşmiş Ştatlar üçün sərfəli deyil.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz