02 mart 2018 19:13

Tikilən obyektlərə enerjisi verilməsi qaydası dəyişib - 24 GÜN ÇƏKİR

Prezident İlham Əliyevin "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmanına uyğun olaraq, bundan sonra sahibkarlar Mingəçevir şəhərində, Sabirabad, Bərdə, Qəbələ, Masallı rayonlarında da "ASAN xidmət" mərkəzlərində mövcud və ya inşa ediləcək tikinti obyektlərinə 150 kilovata qədər, mövcud 0,4 kV-luq şəbəkədən elektrik enerjisi çəkdirə biləcəklər. Qeyd edək ki, indiyə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Gəncə şəhərləri və Quba rayonundakı "ASAN Kommunal" mərkəzləri tərəfindən həyata keçirilirdi.

FED.az xəbər verir ki, bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Araşdırmalar və İnkişaf departamentinin rəhbəri Ramil Hüseyn, "Azərişıq" ASC-nin perspektiv inkişaf və "ASAN xidmət"lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ətraflı məlumat verib.

Bildirilib ki, 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq "Azərişıq" ASC tərəfindən "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzləri vasitəsilə maksimum 24 gün müddətində veriləcək. Nəzərə almaq lazımdır ki, dünyanın inkişaf etmiş bir çox ölkələrində biznes fəaliyyəti üçün elektrikə qoşulma aylarla vaxt aparsa da, Azərbaycanda sahibkarın elektrikə qoşulması prosesi 69 gündən 24 günə endirilib. Bu sahədə daha bir yenilik isə vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə endirilməsidir. Sahibkarların bu islahat prosesindən əldə etdiyi daha bir üstünlük əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz