14 fevral 2018 15:32

Müştərilər üçün təkcə bank olmaq istəmirik - MÜSAHİBƏ

Sağlamlaşdırma prosesini uğurla başa vuran Azərbaycan Beynəlxalq Bankının yeni mərhələdə qarşıya qoyduğu əsas hədəflərdən biri də elektron xidmət infrastrukturunun inkişafıdır. Bankın İdarə Heyəti sədrinin elektron ödənişlər üzrə müşaviri Eldar Cəbrayılovun bununla bağlı müsahibəsi:

- Eldar müəllim, Azərbaycan Beynəlxalq Bankı aktiv və öhdəliklərin restrukturizasiyası kimi çətin bir prosesdən keçdi. Bu proses beynəlxalq ödəniş şirkətləri ilə tərəfdaşlıq münasibətlərinizə necə təsir göstərdi?

- Restrukturizasiya prosesi, bildiyiniz kimi, çox şəffaf aparıldı. Tərəfdaşlıq etdiyimiz beynəlxalq ödəniş şirkətlərini bu barədə lazımi qədər məlumatlandırdıq. Onlar bizə dəstək verdilər. Müştərilərimizə də minnətdarıq ki, böyük anlayış göstərdilər, banka sadiqlik nümayiş etdirdilər. Nəticə budur ki, 2016-cı illə müqayisədə ötən il bank kart saylarını və kart dövriyyələrini daha da artırdı. Son illərin iqtisadi vəziyyətini nəzərə alanda hətta mövcud portfeli qorumağın özü belə yaxşı nəticə idi. Azərbaycan Beynəlxalq Bankı isə hətta artıma nail oldu. Əməkdaşlıq etdiyimiz beynəlxalq ödəniş sistemləri ilə restrukturizasiya prosesi başa çatandan sonra 5-6 illik müddətə strateji layihələr üzrə anlaşdıq. Bu layihələr çərçivəsində banka həm innovasiya, həm maliyyə, həm də marketinq cəhətdən ciddi dəstək veriləcək. Biz də bundan faydalanaraq öz növbəmizdə müştərilərimizə yeni imkanlar yaradacağıq.

- Yeni ödəniş sistemləri ilə əməkdaşlıq gözlənilirmi?

- Hazırda Azərbaycan Beynəlxalq Bankı qabaqcıl 6 beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir. 3 beynəlxalq ödəniş sisteminin kartlarını çap edirik: bunlar "Visa", "MasterCard" və "AmericanExpress" kartlarıdır. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə "AmericanExpress" kartlarını təklif edən və şəbəkəsində xarici ölkələrin "AmericanExpress", "Diners Club" və "JCB" kartlarını qəbul edən yeganə bankdır. Bu il ərzində isə müştəri sayı baxımından dünyanın ən nəhəng ödəniş sistemi sayılan "China UnionPay"in də kartlarını çap etməyi planlaşdırırıq. Ümumiyyətlə, yeni yaradılan ödəniş sistemləri tərəfindən banka əməkdaşlıq təklifləri göndərilir. Bank öz növbəsində bu cür əməkdaşlığın səmərəliliyini ölçdükdən sonra lazımi qərarları alacaq.

- Hazırda bankda kart biznesi ilə bağlı vəziyyət, ümumi göstəricilər necədir?

- Azərbaycan Beynəlxalq Bankı ölkənin maliyyə bazarında önəmli paya malikdir. Bank xüsusilə sosial layihələrdə: əmək haqqı layihələrində, pensiya layihələrində yaxından iştirak edir. Azərbaycanda ən böyük bankomat şəbəkəsi bu banka aiddir. Hazırda 756 bankomatımız fəaliyyətdədir ki, bu rəqəm bazarın 29% payını təşkil edir. Xidmət şəbəkəmiz respublikanın bütün bölgələrini əhatə edir. Bu da bizə sosial layihələri kəsintisiz yerinə yetirməyə imkan verir. Müxtəlif ticarət və xidmət obyektlərində 12 minə yaxın POS-terminalımız var və POS-terminal nisbətimiz 22%-dir. Bankda müştərilərin çox rahatlıqla faydalana biləcəkləri elektron ödəniş infrastrukturu qurulub və inkişaf etdirilir. 2017-ci ilin nəticələrini diqqətinizə çatdırım. Ötən ilin sonuna bankın aktiv ödəniş kartlarının sayı 1.3 milyonun üzərində olub, aparılan elektron ödəniş əməliyyatlarının sayı isə 25 milyon civarındadır. Bankın kart saylarının nisbəti bazarda 24% təşkil edir. Azərbaycan Beynəlxalq Bankı 2017-ci ildə həm Mərkəzi Bank, həm də "Visa" və "MasterCard" tərəfindən nağdsız dövriyyəsi ən yüksək banklardan biri seçilərək sertifikat alıb. Deyim ki, bank olaraq məqsədimiz sadəcə nədəsə birinci olmaq deyil, məqsədimiz keyfiyyətli xidməti bütün müştəri qruplarına çatdırmaqdır. Ona görə də 2017-ci ildə kart prosesləri ilə bağlı bir sıra optimallaşdırma işləri görüldü.

Biz mütəmadi kampaniyalar keçirərək, təbliğat apararaq müştərilərimizi nağdsız ödənişlərə yönləndirməyə çalışırıq. 2017-ci ildən bu məqsədlə Bakı şəhəri və regionlarda bir sıra ASAN Xidmət mərkəzlərində Hökumət Ödəniş Portalı üzərindən həyata keçirilən ödənişlərin nağdsız qaydada qəbulunu təmin etdik. Bu gün Azərbaycan Beynəlxalq Bankının şöbəsinin olduğu bütün ASAN Xidmət mərkəzlərində bu sistem tətbiq olunur. Eyni zamanda, ölkəyə səyahət edən turistlər üçün vizaların onlayn qaydada ödənməsini ASAN Xidmətlə birgə e-ticarət vasitəsilə həyata keçiririk.

- Son illər bütün dünyada bankların rəqəmsallaşması erası başlanır. Hətta bəzi ehtimallara görə, gələcəkdə elektron bankçılıq ənənəvi bankçılığın yerini tuta bilər. Azərbaycan Beynəlxalq Bankı bu trendlə ayaqlaşa bilirmi?

- Elektron bankçılıqda söz sahibi olmaq istəyən hər bir bank müasir proqram təminatlarından istifadə etməli, müştəri bazasını yaxşı tanımalıdır. Bu sahədə sadəcə müştəriyə təqdim edilən “front-end” hissəsi deyil, “back office” dediyimiz bankdaxili proqramlar da təkmilləşdirilməlidir. Bu istiqamətdə hazırlıqlarımız sürətlə davam edir. Sistemlərimizi yeniləyirik. Hazırda onlayn bankçılıq istiqaməti üzrə ciddi yatırımlarımız var. Dünyada söz sahibi olan proqram təminatçıları ilə çalışırıq. Ötən il bank yenilənmiş internet bankçılıq sistemini və İBAM MobilBank əlavəsini təqdim etdi. Müştərilərimiz qeydiyyatdan keçərək bu xidmətlərimizi ala bilərlər.

Biz müştərilərimizə, təkcə bank xidməti göstərmək istəmirik, onların ümumilikdə maliyyə dünyasına daxil olmasına çalışırıq. Əməkdaşlıq etdiyimiz beynəlxalq ödəniş sistemləri çox böyük təcrübəyə malikdirlər. Dünyada ən qabaqcıl təcrübələri tətbiq edirlər və onlar öz təcrübələrini bizimlə paylaşmağa hazırdırlar. Əvvəllər banklar arasında belə bir tendensiya vardı ki, filan məhsulu mən birinci buraxdım, yaxud bu qədər kart satışı etdik. Bunlar önəmli deyil artıq. İndi əsas olan müasir təcrübədən nə qədər səmərəli və effektiv şəkildə istifadədir. Əgər satılan kartların böyük bir hissəsi aktiv istifadə edilmir və müştərilər ilk fürsətdə başqa məhsullara yönəlirsə, deməli, bunun ciddi səmərəsi yoxdur. Maraqlı məqamların biri də odur ki, yeni minillikdə anadan olanların artıq bu il 18 yaşı tamamlanır və bank xidmətlərindən tam istifadə hüququ qazanırlar. Müştərilər günümüzdə bütün ödənişlərini seçdiyi kanal üzərindən ən sadə formada həyata keçirmək istəyirlər. Biz də işimizi bu istəyə uyğun qurmaq, hətta ödənişin nə şəkildə və harda aparılarsa, müştəriyə daha sərfəlidir yönündə yol göstərmək istəyirik.

Kart biznesinin önəmli parçası olan merchantları, yəni ticarət-xidmət müəssisələrini də unutmuruq. Ötən il belə bir yenilik etdik: hüquqi şəxs olan müştərilərin POS terminallar və e-ticarət vasitəsilə aparılan bütün əməliyyatlarını onlayn olaraq izləyib, hesabatlarını apara bilmələri üçün xüsusi portal yaratdıq. Banklar bunu adətən çıxarış kimi təqdim edirlər. Bizim yaratdığımız Merchant Portal isə imkan verir ki, şirkətin sahibi, direktoru, mühasibi fərq etməz, məlumatlara çıxış hüququ olan hər kəs baş verən əməliyyatları onlayn izləyə bilsin.

- Bu il elektron ödənişlər üzrə hansı layihələr həyata keçiriləcək?

- Bu il, əsasən, müştəri portfelimizə diqqət yetirəcəyik. Müştərilərin bankdan əsas gözləntilərini müəyyənləşdirib, strateji seqment və bazarları inkişaf etdirərək mənfəətli artıma nail olmaya çalışacağıq.

Layihə nəticəsində ortaya çıxacaq məhsul və seqmentləşdirmə müştərilərə bir sıra yeni xidmətlər və üstünlüklər yaradacaq. Hədəfimiz nağdsız ödənişlərin müştərilərimizin gündəlik həyatının bir parçası olması və bu istiqamətdə həm kart sahiblərinin, həm tərəfdaşlarımızın, həm də bankın maraq və gəlirlərinin artmasıdır.

Ötən il müştəri xidməti strukturlarında çalışan əməkdaşlarımıza yeni təlim metodlarını tətbiq etdik. Təlimləri bu il partnyorlarımızla da davam etdirmək niyyətindəyik. Burada əsas diqqət ona yönəlir ki, elektron ödənişlərdə nələrə diqqət yetirilməlidir? Müştərilərlə necə işləmək lazımdır? Təkcə xidmət tərəflərini deyil, risk tərəflərini də hansı formada nəzərə almaq, dələduzluq hallarından necə qorunmaq lazımdır? Bütün bunlar kart biznesinin bir hissəsidir. Bundan başqa, şəbəkəyə malik partnyorların sistemləri ilə inteqrasiyanı nəzərdə tutan layihələr üzərində çalışırıq. İşlərimiz planlama əsasında həyata keçirilir və artıq effektlərini də hiss edirik.

- Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişləndiyi müşahidə edilirmi?

- Vəziyyətin müsbətə doğru dəyişdiyini söyləmək olar. Açığını deyim ki, burada əsas yük bankların və maliyyə qurumlarının üzərinə düşür. Aidiyyəti dövlət qurumları nağdsız ödənişləri stimullaşdırmaq üçün bir sıra qanun layihələrini və yol xəritəsini artıq hazırlayıblar. Bu sahədə vətəndaşlar arasında maarifləndirməyə isə hər zaman ehtiyac var. Əslində, müştərilər buna hazırdır. Bu gün məsələn, kiçikdən böyüyə hər kəsin smartfonu var və rahatlıqla müxtəlif mobil əlavələrdən istifadə edir. Deməli, nağdsız ödəniş imkanlarından istifadə də çətin məsələ deyil. Müştərilər, kart sahibləri, vətəndaşlar bu ödənişləri aparmağa hazırdırlar. Burada bankların üzərinə düşən vəzifə lazımi alətləri sadə qaydada, minimum sənədləşmə prosedurları ilə müştərilərə təqdim etməkdir ki, hamı nağdsız ödəniş imkanından yararlana bilsin. Biz də Azərbaycan Beynəlxalq Bankı olaraq buna çalışırıq. Bank ölkəmizdə rəqəmsallaşmanın genişlənməsinə öz töhfəsini verməkdədir.

- Bankların elektron xidmət şəbəkəsindən söhbət gedərkən, əhalini ən çox narahat edən məsələlərdən biri də bir bankın kartı ilə digər bankın bankomatından pul çıxararkən komissiya haqqının tutulmasıdır. Bu məsələ niyə yoluna qoyulmur? Bu cür nağdlaşdırmalar komissiyasız mümkün deyilmi?

- Kart biznesi, xüsusilə də ekvayrinq hissəsi, yəni kartı qəbul edən tərəf çox məsrəfli sahədir. Bankomatın həm saxlanması, həm də inkassasiya xərcləri çox yüksəkdir. Əlbəttə, hər bir bank bu məsələdə zərər etməməyə çalışır. Müqayisə aparaq, tutaq ki, bir bankın beş yüz bankomatı var, digərinin iki. Yaxud bir bankın bir milyon kartı var, o birinin on min. Onların bir imkandan eyni səviyyədə istifadə etmələri mümkün deyil. Bunun infrastruktur xərci var, banklararası komissiyası var və s. Ona görə ödəniş sistemləri ötən əsrin 50-ci illərində bu işin təməlini qoyanda məsələni belə müəyyənləşdiriblər ki nağd vəsaiti çıxaran kart müştərisinin bankı, vəsaiti təmin edən banka komissiya ödəyir. Nağdsız qaydada aparılan əməliyyatda isə bunun tərsi olaraq ekvayer bank emitent banka komissiya ödəyir. Son illərdə bu məsələdə müsbət tendensiya yaşanır. Xüsusilə əmək haqqı layihələrində banklar qeyd edilən xərc və komissiyaları partnyor şirkətlərlə həll edərək müştərilərdən digər şəbəkələrdən çıxarılan vəsaitlər üzrə əlavə komissiya tutmurlar.

- Elektron ödənişlərlə bağlı son illərin ən populyar trendlərindən biri də kriptovalyutalardır. Bu yeni alət bankların fəaliyyətinə hansı şəkildə təsir göstərə bilər. Ümumiyyətlə, kriptovalyutaların gələcəyinə inanırsınız?

- Bir var kriptovalyutalar, bir də var bu kriptovalyutaları dəstəkləyən sistemlər, məsələn blokçeyn sistemləri. Kriptovalyutalarla bağlı dəqiq bir proqnoz vermək çətindir. Bu, təxminən 50x50 nisbətindədir. Çünki bu valyutalar rəsmi olaraq hansısa mərkəzə, requlyatora bağlı deyil. Söz yox, bu ödəniş aləti bir tərəfdən çox sadələşmiş ödəniş sistemi formalaşdırır, amma digər tərəfdən də silah qaçaqmalçılığı, terrorçuluğun maliyyələşdirilməsi və s. bu kimi risklər doğurur. 2017-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Riçard Taler bunun üfürülmüş şar olduğunu bildirərək bir gün partlayacağını proqnoz etdi. Digər iqtisadçılar isə kriptovalyutaların əsası və gələcəyinin olduğunu bildirir. Fikrimcə, dövlətlər səviyyəsində kriptovalyutanın yaradılması və avro nümünəsində olduğu kimi təşkilatdaxili kriptovalyutaların istifadəyə verilməsi daha real görünür.

Burada maraq doğuran odur ki, banklar, kriptovalyutanın işlədiyi texnologiya vasitəsilə nələr əldə edə bilər? Blokçeyn adlanan bu texnologiyanın əsası məlumat bazalarının bir mərkəzdə deyil, paylaşılmış serverlərdə açıq və güvənli qaydada saxlanmasıdır. Bu sistemin köməyilə əməliyyatların tarixçəsini, müqavilələri, vətəndaşların şəxsi məlumatlarını və s. onlayn qeydə almaq olar. Nəticədə, bu məlumatlar birdən çox mərkəzdə qeydiyyatda olacağından bunları dəyişdirmək və ya saxtalaşdırmaq mümkün olmayacaq. Bunun banklara ən böyük faydası əməliyyatların daha sürətli aparılması, beynəlxalq əməliyyatlar üzrə vasitəçilərin aradan qalxması və nəticədə ödənişlərin əməliyyat xərclərinin minimal səviyyəyə endirilməsi olacaq. Əməliyyatlar şəffaf şəkildə aparılacaq və şübhəli olanlar rahatlıqla izlənə biləcək. Əlbəttə, bu yeni texnologiyaya keçmək üçün bankların proqram təminatlarını adaptasiya etməsi ilə yanaşı, hüquqi və requlyator məsələlərinə aydınlıq gətirilməli, sistemin standartları müəyyən edilməlidir.

- Qeyd etdiyiniz sistem nəzəriyyə olaraq maraqlı görünür, bəs praktikada bunun tətbiqləri mövcuddurmu?

- Bank praktikalarında artıq blokçeyn inteqrasiyalarına rast gəlinir. Məsələn, Rusiya “Sberbankı”nda müştərilər onlayn bankçılığa daxil olaraq hesab açma üzrə mövcud etibarnamələrini izləyə bilir və ya notarial qaydada həmin etibarnaməni istədiyi şəxsə təqdim edə bilirlər. Artıq bir çox xarici bank bilgi bazasını toplamaq üçün İT infrastrukturuna yatırım etmək əvəzinə Google, Amazon, Microsoft və IBM kimi şirkətlərin bulud servislərindən istifadə edir. Bir başqa nümunələrdə, müştərilərin identifikasiyaları selfi vasitəsilə aparılır. Müştəri sorğularını robo-məsləhətçilər cavablayır və s. Texnologiya vasitəsilə bank-müştəri əlaqəsində bir çox problemlər həllini tapa bilər. Misal üçün belə bir hal düşünək – xaricdə aviabilet almaq istəyirsiniz, kifayət qədər vəsaitiniz yoxdur, anında kartınız üzrə overdrafta ehtiyacınız var. Hazırda proses günlərcə bu şəkildə həyata keçir: müştərilər kredit kartı üçün müraciət edir, bank sənədləri toplayır, araşdırma aparır, Mərkəzləşmiş Kredit Reyestrində yoxlayır, qərar verir, əməliyyat şöbələri limit açır və s. Blokçeyn ilə bu mərhələləri birləşdirərək müştəriyə digər banklarda kredit borcunun məbləğini, rəsmi olaraq borclana biləcəyi həcmləri göstərmək olar. Banklar isə digər qurumlardan lazımi məlumatları anında toplayaraq müştəriyə hansı məbləğdə kredit verə biləcəyi haqda anında bilgi və qərar verə bilər. Digər tərəfdən, innovasiyaların tətbiqi üçün blokçeyn sistemini gözləməyə ehtiyac yoxdur. Bir az öncə partnyorlarımızın təcrübəsindən bəhs etdim. Bu şirkətlərin tətbiq etdiyi texnologiyalar internet olan hər mühitdə gündəlik alışqanlıqlarımıza innovasiyaları gətirir. Məsələn, soyuducunuzda ərzaq məhsulları bitdiyi anda soyuducu tərəfindən avtomatik qaydada ödəniş edərək sifariş edə bilirsiniz və ya kart məlumatlarınızı heç bir yerə daxil etmədən güvənli şəkildə istədiyiniz ödənişləri apara bilərsiniz.

- Azərbaycan Beynəlxalq Bankında da bu xidmətlər olacaq?

- Azərbaycan Beynəlxalq Bankı olaraq bir çox xarici qurum, şirkət və ölkələrə bank xidmətləri göstəririk. Bu səbəbdən zamanla məsafə və vaxtdan asılı olmayaraq müştərilərimizin müvafiq sistemlər vasitəsilə qoşularaq bizim xidmətlərimizi ala bilmələrini təmin etmək niyyətindəyik. Banklar istəsə də, istəməsə də ənənəvi bankçılıqdan uzaqlaşacaq. Proseslərini və strukturlarını innovasiyalara uyğunlaşdırmayanlar isə mövqelərini itirəcəklər. Ona görə də indidən “open-minded bank”a dönüşmək, bir sözlə, günümüzün tələblərinə cavab vermək məqsədi ilə yeni çözümlərin axtarışına yönəlmək zəruridir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz