14 fevral 2018 11:07

Dövlət başçısına dollar kreditləri ilə bağlı müraciət edilib

Azərbaycan əhalisinin dövlət başçısı İlham Əliyevə etdiyi müraciətlər arasında devalvasiyadan sonra problemli borclara çevrilmiş kreditlər və onların həlli məsələlərinə də toxunulur. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşlarınmüraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 0,3 faizini təkliflər təşkil edir: «Bu təkliflərin sayı ərizə və şikayətlərə nisbətən az olsa da, vətəndaşların fəal həyat mövqeyinin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır və onlar Prezident Administrasiyası, habelə müvafiq qurumlar tərəfindən diqqətlə öyrənilir, əsaslı təkliflərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. Vətəndaşlar öz müraciətlərində ölkənin daxili və xarici siyasəti barədə mülahizələrini bildirir, ölkənin iqtisadi qüdrətini daha da artırmaq üçün həyata keçirilməli layihələrin qəbul olunmasını, respublika miqyaslı məsələlərlə yanaşı, yaşadıqları şəhərin, rayonun, kəndin, qəsəbənin, küçə və məhəllənin həll olunmalı problemlərini yada salır, bu sahədə öz köməklərini təklif edirlər».


Struktur dəyişiklikləri təklif edilib

S.İsmayılov bildirib ki, təkliflər ən müxtəlif sahələri əhatə edir: «İctimai-siyasi məsələlərdən bəhs edən təkliflər arasında ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun irsinin daha dərindən öyrənilməsi, bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsi, müxtəlif struktur dəyişikliklərinin aparılması, dövlət qurumlarının fəaliyyətini müasir tələblərə uyğun qurmaq üçün islahatların daha da dərinləşdirilməsi barədə fikirlərini bölüşürlər».

Dollar kreditləri barədə təkliflər

Bu qəbildən olan müraciətlərdə “Azərbaycanın bölgələri üzrə kənd təsərrüfatı Ensiklopediyası”nın və “Azərbaycan Olimpiya Ensiklopediyası”nın yaradılması, azad sənaye zonaları, devalvasiyadan sonra problemli borclara çevrilmiş bank kreditləri və sair məsələlər barədə fikir və mülahizələr bildirilir.

Kənd təsərrüfatı ilə bağlı təkliflər

Təkliflərin müəllifləri, həmçinin kənd və qəsəbələrdə bol meyvə məhsullarından daha səmərəli istifadə məqsədilə meyvəqurutma sexlərinin artırılması, məişət tullantılarının yenidən emalının təşkil edilməsi, Bakı ilə yanaşı, respublikanın digər böyük şəhərlərində də iritutumlu marşrut avtobuslarının sayının artırılması, üzümçülüyün inkişafı, bəzi rayonlarda fəaliyyət göstərmiş şərab zavodlarının bərpası, dolunun kənd təsərrüfatına vurduğu ziyanın qarşısını almaq üçün müasir qurğuların quraşdırılması, yem istehsalının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən yarmarkaların sayının artırılmasını istəyirlər.


Sosial müdafiənn gücləndirilməsini istəyirlər

Müraciət edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara qulluq göstərən şəxslərə sosial ödənişlər verilməsi məsələləri barədə öz mülahizə və fikirlərini bölüşüblər.


Bölgələrdə iş yerləri və infrastruktur haqqında

Şöbə müdiri bildirib ki, müoraciətlərdə vətəndaşlar yaşadıqları bölgənin inkişafı üçün də təfliklər irəli sürüblər. Bunu üçün yeni yolların, qaz və su xətlərinin çəkilməsi, əkin sahələrinin suvarılması üçün yeni su mənbələrinin tapılması, yol işarələrinin qoyulması, keçidlərin və körpülərin tikilməsi, bəzi küçə və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması təklif edilib.

«Bir sıra təkliflərdə ölkənin ayrı-ayrı elm, mədəniyyət və ictimai-siyasi xadimlərinin ev-muzeylərinin yaradılması barədə fikirlər diqqəti cəlb edir. Vətəndaşlar yaxşı bilirlər ki, onların göndərdiyi təkliflər, qaldırdıqları məsələlər araşdırılır, öyrənilir və baxılır. Bu da vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində önəmli məqam kimi qeyd edilməlidir»-deyə S.İsmayılov bildirir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz