13 fevral 2018 09:18

11 faizlik qazanc kimə çatacaq – YENİ HƏRRAC

Bu gün, fevralın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. «PSG Kapital» investisiya şirkətindən FED.az-a verilən məlumata görə, Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Ümumilikdə Maliyyə Nazirliyi hərraca 30 milyon manatlıq istiqraz çıxaracaq, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti isə 728 gün və ya 2 ildir. İstiqrazların illik gəlirliyi 11%, ödəmə tarixi 2020-ci ilin fevralın 11-dir.


İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu

AZ0105002692

Emissiya həcmi 30 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 728 gün
Faiz gəliri 11%
Ödəmə tarixi 11.02.2020
Anderrayter Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə, o cümlədən «PSG Kapital»a müraciət edə bilərlər.

Xatırladaq ki, son aylar Maliyyə Nazirliyinin istiqrazlarına və Mərkəzi Bankların notlarına maraq olduqca yüksəlib. Elə dünən, fevralın 12-də AMB-nin notları üzrə keçirilən hərracda 200 milyon manatlıq notlara tələbat 4 dəfə yüksək olaraq 848 milyon manatı keçib. Nəticədə həmin kağızların gəlirlilik dərəcəsi ildə 8%-ə düşüb. Qeyd edək ki, AMB-nin not hərraclarında yalnız banklar iştirak edə bilər.

Maliyyə Nazirliyinin istiqrazlarını isə təkcə banklar deyil, bütün hüquqi və fiziki şəxslə ala bilər, ona görə də, bu kağızlara da böyük tələbat müşahidə edilir. Qeyd edək ki, bankların əllərində olan böyük vəsaitlər və onu iqtisadiyyata yatırmaq imkanlarının məhdudluğu onları qiymətli kağızlara yatırım etməyə vadar edir. Nəticədə bu kağızlara böyük tələbat hiss olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz