02 fevral 2018 15:53

Bakının məşhur sac restoranları – SİYAHI, QİYMƏTLƏR

Azərbaycan mətbəxinin ən çox arzulanan yeməklərindən olan sac restoranlarda fərqli çeşidlərdə fərqli qiymətlərlə təqdim olunur.

FED.az hər cümə günü ənənəvi olaraq hazırladığı “Ləzzətli yol xəritəsi” rubrikasını davam etdirir. Oxucularımız tərəfindən maraqla qarşılanan bu yazı seriyası çərçivəsində bu dəfə ölkədə fəaliyyət göstərən gürcü mətbəxini təqdim edən yeməkləri və qiymətləri araşdırdıq.

“Bürc Qala”da 1 pay sac 3 nəfərə bəs edir
Kiçik Qala 15 ünvanında fəaliyyət göstərən “Bürc Qala” restoranında 4 növ sac yeməyi verilir. Dana ətindən sacın 1 payı 17 manata, quzu ətindən sacın 1 payı 16 manata, çolpa sacın 1 payı 14 manata, assorti sacın 1 payı isə 32 manatadır. Restorandan bildirdilər ki, müştərilər daha çox quzu və assorti sac sifariş edirlər. Məlumata görə, “Bürc Qala”da verilən 1 pay sac 3 nəfərə bəs edir.
Əgər 2 nəfər “Bürc Qala” restoranında 1 pay quzu sac, turşu assorti, çoban salatı, göyərti assorti və limonad sifariş versə ümumi hesab 44 manat edəcək.

“Tonqal”da sac sifarişi 2 paydan başlayır
Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranın saytımıza bildirdilər ki, burada sacın 5 növü verilir. Assorti sacın bir payı 11 manata, içalat sacın bir payı 10 manata, quzu, dana və çolpa ətindən sacın bir payı isə 16 manatadır. Restorandan dedilər ki, burada sac yeməyinin sifariş 2 porsdan başlayır.

Əgər 2 nəfər “Tonqal” restoranında 2 pay assorti sac, turşu assorti, təzə salat, göyərti salatı və limonad sifariş edərsə ümumi hesab 45-50 manat olacaq.

“Nərgiz” sacın 6 növünü təklif edir
Tərlan Əliyarbəyov 9 ünvanındakı “Nərgiz” restoranında sacın 6 növü təklif olunur. Belə ki, burada toyuq sacın 1 payı 6,50 manata, can ətindən sacın 1 payı 9,50 manata, quzu sacın 1 payı 8 manata, assorti sacın 1 payı 10 manata, içalat sacın 1 payı 7 manata, nərə balığından sacın 1 payı isə 23 manatadır.

2 nəfər “Nərgiz” restoranında 1 pay assorti sac, çoban salatı, göyərti assorti, turşu assorti, pendir assorti, limonad sifariş etsə ümumi hesab təxminən 27-30 manat edəcək.

6 manata sac – “Retro Şam Restaurant”
Şövkət Məmmədova küçəsində yerləşən “Retro Şam” restoranında sacın 5 növü təklif olunur. Burada quzu sacın 1 payı 6 manata, can ətindən sacın 1 payı 8 manata, çolpa sacın 1 payı 18 manata, balıq sacın 1 payı 25 manata, assorti sacın 1 payı isə 8 manatadır. Restorandan bildirdilər ki, burada ən çox sifariş olunan quzu və çolpa sacdır.

2 nəfər “Retro Şam” restoranında 2 nəfər üçün nəzərdə tutulmuş 1 pay çolpa sac, turşu assorti, çoban salatı, göyərti assorti və limonad sifariş etsə ümumi hesab 35-40 manat edəcək.

“Şahzadə” restoranı xidmət haqqı almır
Təbriz küçəsindəki “Şahzadə” restoranında sac yeməyinin yalnız 2 növü təklif olunur. Quzu sac və toyuq sacın hər ikisi bir payının qiyməti 6 manatadır.

Əgər 2 nəfər “Şahzadə” restoranın 2 pay quzu sac, turşu assorti, təzə salat, göyərti salatı və limonad sifariş etsə, ümumi olaraq 22-23 manat hesab ödəmiş olacaq. Restorandan onu da bildirdilər ki, burada xidmət haqqı hesaba əlavə edilmir.

45 manata 2 nəfərlik sac qonaqlığı – “Şirvanşah Muzey Restoran”
Salatın Əsgərova 86 ünvanında yerləşən “Şirvanşah Muzey Restoran”da da sacın 5 növü təklif olunur. Mal ətindən sacın 1 payı 16 manata, quzu ətindən sacın 1 payı 13 manata, toyuq ətindən sacın 1 payı 13 manata, içalat sacın 1 payı 11 manata, assorti sacın 1 payı isə 15 manatadır.
Bu restoranda 2 nəfər 2 pay assorti sac, turşu assorti, çoban salatı, pendir assorti, göyərti assorti və limonad sifariş etsə ümumi hesab 45 manat olacaq.

“Şəki” restoranında sacın çeşidləri də çeşidlərə ayrılır
Əhməd Rəcəbli 144 ünvanında fəaliyyət göstərən “Şəki” restoranında təklif olunan sac yeməklərinin 1 payı 2-3 nəfərə bəs edir. Burada toyuq sacın 1 payı 23 manata, quzu sacın 1 payı 15 manata, dana ətindən sacın 1 payı 15 manata və assorti sacın 1 payı isə 15 manatadır. Restorandan bildirdilər ki, burada ən çox sifariş olunan assorti sacdır. Məlumata görə, dana ətindən olan sac istəyə görə, şabalıdla və ya soğanla da hazırlana bilir.

Əgər 2 nəfər “Şəki” restoranında 2-3 nəfər üçün nəzərdə tutulmuş 1 pay assorti sac, təzə salat, turşu assorti, göyərti assorti və limona sifariş etsə təxmini hesab 25-30 manat edəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz