28 yanvar 2018 19:25

Vəkillər Kollegiyasına üzvlük imtahanının - NƏTİCƏLƏRİ AÇIQLANIB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən FED.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin internet saytında elan edilib.

Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtahan nəticəsində ümumi balı 60 və daha artıq olan namizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçmişdir. 93 namizəd imtahana gəlməmişdir. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Ən yüksək nəticə 90 bal olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz