25 yanvar 2018 17:20

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin – NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 28-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, Vəkillər Kollegiyası ilə birlikdə keçiriləcək imtahan saat 11:00-da başlayacaq və Bakı şəhərində dörd binada təşkil olunacaq.

İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunub. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.

İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib.Namizədlər http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, namizədlərə “Yaddaş kitabçası” da təqdim olunur. Burada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar verilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz