22 yanvar 2018 11:49

Müflisləşmə faciə yox, faydalı imiş - BİZNES TARİXİ - II HISSƏ

Dünyadakı iqtisadi böhran son illər sabitliyi şübhə doğurmayan ölkələrin və şirkətlərin möhkəmliyini şübhə altına salıb. Bir neçə ay əvvəl ABŞ-da yaranan müflisləşmə təhlükəsi indi Avropaya keçib. Yunanıstan, İtaliya, İspaniya, eləcə də bu ölkələrdəki yüzlərlə şirkət müflisləşməyə əsas namizədlərdir. Amma avro zonanı qorumağa çalışan siyasətçilərdən fərqli olaraq iş adamları müflisləşmədən o qədər də narahat deyil. Səbəbi odur ki, Qərb ölkələrində müflisləşmə «dünyanın sonu» sayılmır. Qərbdə iqtisadi problemlərə dözümlə yanaşırlar – kimin başına gəlmir ki… FED.az «Daşınmaz Əmlak»a istinadən bu dəfə müflisləşmənin tarixinə toxunub.

Elektrik kralı

XX əsrin əvvəllərində dünya iqtisadiyyatının mənzərəsini ailə şirkətləri yox, iri korporasiyalar müəyyən edirdi. Artıq həmin dövrlərdə inkişaf etmiş ölkələrin əksəriyyətində məhdud məsuliyyət barədə qanunlar mövcud idi. Bu qanunlar korporasiya sahiblərinə imkan verirdi ki, öz şirkətləri ilə birlikdə müflis olmasınlar. Amma bəzi sahibkarlar şəxsi kapitallarını öz şirkətlərinin səhmlərinə yatırmaqdan çəkinmirdilər ki, bu da bəzən faciəli sonluqla nəticələnirdi. Məhz buna görə, Böyük depressiya illərinin iki ən böyük müflisləşmə hadisəsi iki parlaq və uğurlu biznesmenin şəxsi faciəsinə çevrildi.


1929-cu ildə birjaların çökməsindən sonra ABŞ-da müflisləşmə halları artıq heç kimi təəccübləndirmirdi. Amma Samuel İnsullun elektrik imperiyasının məhvi amerikanlar üçün əsl şok oldu. Gənc ingilis mühasibi olan İnsull Amerikaya 1881-ci ildə gəlmişdi. Əvvəllər o, dahi ixtiraçı, elektrik lampasının müəllifi Tomas Edisonun şirkətinin Londondakı nümayəndəliyində işləmişdi. Məhz bu tanışlığın hesabına Amerika gələndən sonra o Edisonun ofisinə asanlıqla işə düzəldi və çox keçmədən onun şəxsi katibinə və mühasibinə çevrildi. Artıq 1889-cu ildə İnsull indi «General Electric» kimi tanıdığımız «Edison General Electric» şirkətinin vitse-prezidenti, 1892-ci ildə isə «Chicago Edison Company» şirkətinin prezidenti idi.

Bundan sonra İnsull müstəqil fəaliyyət göstərməyə başladı. Dəyişən cərəyana inanmayan Edisondan fərqli olaraq, İnsull bu yeniliyin yaradacağı imkanları vaxtında gördü və Çikaqoda həmin dövrlər üçün nəhəng sayılan 5000 kVt gücündə dəyişən cərəyan generatoru qurdu. O, elektrik enerjisinin iri istehlakçılarına daha az pul ödəməyə imkan verən çevik tarif sistemi yaratdı, enerjidən istifadə etmək istəyənlərin evinə isə elektrik kabellərini pulsuz çəkməyə başladı. Çikaqonu ucuz enerji ilə təmin edən İnsull tezliklə şəhərdəki bütün rəqiblərini aldı. Bundan sonrakı 10 il ərzində İnsullun imperiyası sürətlə böyüməkdə idi. 1920-ci illərin sonunda o ölkənin 32 ştatındakı 5 min yaşayış məntəqəsini elektrik enerjisi ilə təmin edirdi. Onun «Middle West Utilities» holdinqi dəmiryol şirkətlərinə, tramvay xətləri və enerji ilə əlaqəsi olmayan çoxsaylı digər firmalara sahib idi. Təbii ki, amerikalıların əksəriyyəti İnsullun imperiyasına daxil olan şirkətlərə çox etibarlı yatırım sahəsi kimi baxır onların səhmlərini həvəslə alırdılar. 1932-ci ildə ölkə vətəndaşlarından 1 milyon nəfəri İnsullun şirkətlərinin səhmlərinə ümumilikdə 2,6 milyard dollar yatırmışdılar.

Bundan sonra isə problemlər başlandı. İqtisadiyyatda problemlərin və Böyük Depressiyanın başlanması ilə adamların əksəriyyəti işindən məhrum oldu və bütün məsələlərdə, o cümlədən enerjiyə qənaət etməyə başladılar. Bağlanan zavodlar da elektrik enerjisini getdikcə az almağa başladılar. Dəmiryolunda isə sərnişinlər və yüklərin daşınması azalırdı və nəticədə artıq 1930-cu ildə İnsullun holdinqi ilk dəfə olaraq itki ilə üzləşdi. 1932-ci ilin əvvəlində elektrik imperiyası kağız ev kimi dağıldı, onun səhmlərinə pul yatırmış adamlar isə pullarını itirdilər. İnsullun özü də yoxsula çevrildi. Məhkəmədən yaxa qurtarmaq üçün o əvvəlcə Yunanıstana, vizasının vaxtı bitəndə Rumıniyaya, sonra isə Türkiyəyə qaçdı. Türklər İnsullu ABŞ hakimiyyətinə verdilər və keçmiş «elektrik kralı» fırıldaq və səhmdarlarının pulunu mənimsəmə ittihamı ilə məhkəmə qarşısında durdu. Təbii ki, məhkəmə araşdırması nəticəsində bütün bu ittihamlar onun üzərindən götürüldü. Çünki İnsull baş verənlər nəticəsində nəinki varlanmamış, əksinə, tamamilə müflis olmuşdu. Məhkəmədən sonra keçmiş milyardçı Fransaya köçdü və 1938-ci ilin iyulunda Paris metrosunda vəfat etdi. Onun başqa nəqliyyat növü üçün pulu qalmamışdı.

İsveç kibriti

İnsullun problemlərinin başlandığı 1932-ci ildə başqa bir imperiya - Avropada «kibrit kralı» adlandırılan isveçli İvar Kryügerin korporasiyası da məhv oldu. Vaxtilə Kryügerin ailəsi kiçik bir kibrit fabrikinin sahibi idi. Amma gələcək kralın karyerası kibritdən yox, dəmir-beton bloklardan başlamışdı. 1908-ci ildə Kryüger «Kreuger & Toll» adlı tikinti firması yaratdı. Bu firma İsveçdə ilk dəfə olaraq dəmir-beton konstruksiyalardan istifadə etməyə başladı.

Amma ailənin kibrit fabrikində problemlər başlayanda Kryüger özünəməxsus diribaşlıqla kibrit biznesinə də girişdi. 1917-ci ildə o İsveçin bütün kibrit sənayesini almışdı, tezliklə onun Norveç və Finlandiyadakı rəqibləri də alınaraq «kibrit imperiyasına» qatıldı. 1923-cu ildə İvar Kryüger bütün dünyada müəssisələri olan nəhəng «International Match Corporation», yəni beynəlxalq kibrit korporasiyası yarada bildi.

Həmin vaxt planetdə istifadə olunan kibritlərin 75%-ni bu şirkət istehsal edirdi. Başqa sözlə, dünyada kimsə siqaretini yandıranda Kryüger pul qazanırdı. Tezlikdə onun kibrit imperiyasına Avropa və Amerikanın 200-dən artıq şirkəti daxil oldu. Onun biznesinin ümumi qiyməti 30 milyard İsveç kronu həcmində qiymətləndirilirdi ki, bu da indiki pulla təqribən 100 milyard dollar demək idi.

«Kibrit kralı» əsl kral kimi yaşayırdı. Onun bir neçə böyük mülkü və gəmiləri vardı. Bu yaxtalarda həmin dövrün kino ulduzlarını - Meri Pikford və Qreta Qarbonu gəzdirirdi. Amma Böyük Depressiya ondan da yan keçmədi.

Başqa sahibkarlardan fərqli olaraq Kryüger əvvəlcə iqtisadi problemlərin ciddiliyini başa düşmədi, əksinə, o bu vəziyyəti öz şirkətini gücləndirmək üçün yeni imkan hesab etdi. Nəticədə kibrit kralı çətinliklərə hazırlaşmaq əvəzinə Avropa ölkələrindən yeni güzəştlər almaq üçün onlara iri kreditlər verməyə başladı. 1929-cu ildə o Rumıniyaya 28 milyon dollar kredit verərək, ölkədə kibrit satışına inhisarı ələ keçirdi. Amma tezliklə məlum oldu ki, bu krediti ona heç kim qaytarmayacaq, kreditin əvəzində əldə edilmiş güzəştlər isə xərclənmiş pula dəymir. Nəhayət, böhranın kasıblatdığı adamlar artıq kibritə də qənaət etməyə başlamışdılar ki, bunun da nəticəsində satışlar aşağı düşməyə başladı. 1932-ci il martın 12-də İvar Kryüger Paris otellərindən birinin nömrəsində özünü güllələdi. Ölümdən sonra onun faktiki olaraq müflis olduğu aydınlaşdı. Onun müəssisələri güman olunandan ucuz, borcları böyük idi, mənfəətin əvəzinə isə böyük itkiləri vardı.


İkiqat müflislər

1930-cu illərin əvvəlindəki böyük iflaslar həm hökumətlərə, həm də iş adamlarının özlərinə dərs oldu. Məsələn, ABŞ-da İnsullun müflisləşməsinin nəticəsi olaraq səhmlərlə ticarəti tənzimləyən qanunlar qəbul olundu. Müflisləşmələrə münasibət də dəyişməyə başladı. Depressiyadan sonra işgüzar dairələrdə də müflisləşmiş iş adamlarına daha rəhmli və anlaqlı yanaşmağa başladılar – hamı başa düşürdü ki, belə hal istənilən şəxsin başına gələ bilər. Nəticədə bəzi iş adamları bir yox, bir neçə dəfə müflis olmağa başladılar. Belə hal ailə biznesini düz iki dəfə – 1925 və 1963-cü illərdə batıran alman sahibkarı kiçik-Quqo Stinnesin başına gəlmişdi. Onun atası böyük-Quqo Stinnes sözün əsl mənasında əfsanəvi sahibkar idi. Biznesə kömür şaxtaları və kiçik metallurgiya zavodlarından başlayan böyük-Quqo Stinnes, 1-ci dünya müharibəsinin sonunda faktiki olaraq Almaniyanın sahibinə çevrilmişdi. Onun imperiyasına alman iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 4500 ayrı-ayrı müəssisə və şirkət daxil idi. Onun təkcə zavodlarının sayı 3 minə çatırdı. Bundan başqa isə Stinnesin gəmiləri, şaxtaları, qəzetləri və s. var-dövləti vardı. Ümumilikdə bu müəssisələrdə 600 mindən artıq adam çalışırdı. Amma 1924-cü ilin aprelində Stinnes qəflətən vəfat edir, onun imperiyası oğlanlarının – kiçik-Quqonun və Ottonun əlinə keçir və sürətlə dağılmağa başlayır. 1925-ci ildə korporasiyanın əmlakı borclara görə, banklar tərəfindən tamamilə satıldı.

Ailə biznesinin çökməsinə baxmayaraq kiçik-Quqo Stinnes amerikalı investorlarını cəlb etməklə yeni «Hugo Stinnes» şirkətini qurmağa nail olur. 1963-cü ildə isə bu şirkət də müflis olur. Səbəbi o idi ki, iş adamı vaxtilə atasının etdiyi kimi, xoşladığı bütün şirkətləri almağa başlamışdı, amma atasından fərqli olaraq onun aldığı şirkətlərin heç də hamısı gəlirlə işləmirdi. Nəticədə kiçik Stinnesin karyerası 4,5 milyon dollarlıq ödənilməmiş borcla başa çatdı.

«Müflisləşmə bumu»

Amma müflisləşmə aləmində ən mühüm dəyişikliklər 1978-ci ildə ABŞ-da, iflas haqqında yeni qanun qəbul ediləndən sonra baş verdi. Yeni qanun korporasiyalar üçün müflisləşmə prosesini ciddi sürətdə asanlaşdırırdı. Nəticədə iri şirkətlər özlərini müflis elan etməklə restrukturizasiya müqabilində borclarının böyük hissəsindən yaxa qurtara bilərdilər.

Qanuna görə, restrukturizasiya zamanı firmalar mənfəət gətirməyən sahələri bağlamaq, həmkarların müqaviməti olmadan ixtisarlar aparmaq, borcların bir hissəsindən yaxa qurtarmaq imkanı əldə etdilər. Üstəlik, belələrinə kredit ayırmaq imkanları da yaradıldı. Nəticədə iş adamları müflisləşməyə artıq bədbəxt hadisə kimi yox, işləri qaydaya salmaq üçün yaxşı imkan kimi baxırdılar. Nəticədə 1978-ci ildən sonra Qərbdə «müflisləşmə bumu» başladı. Həmin vaxt artıq iri şirkətlərin əksəriyyətində müflisləşmə və restrukturizasiya sahəsində bölmələr vardı.

Şəxsi müflisləşmə prosesi də sadələşdi, ona qədər vaxtilə müflis olmuş şəxslərin iş tapması problemli məsələ idi, yeni qanun isə qanun isə belələrinə qarşı diskriminasiyanı qadağan edirdi. Belə qanunlar başqa inkişaf etmiş ölkələrdə də qəbul olundu və müflisləş hallarının sayı sürətlə artmağa başladı. Nəticədə əgər 1994-cü ildə ABŞ-da 838 min müflisləşmə halı baş vermişdisə, 2002-də bu rəqəm 1,5 milyonu, 2003-də isə 1,6 milyonu keçdi.

Bununla yanaşı, hələ də davam edən dünya maliyyə böhranı digər məsələlər kimi, müflisləşmələrə də münasibəti dəyişməyə başlayıb. «Enron» və «Lemann Brothers» kimi iri şirkətlərin müflisləşməsi və onun sarsıdıcı nəticələri həm hökumətlər, həm də kiçik səhmdarlar üçün ibrətamiz oldu. Nəticədə iri şirkətlərin, xüsusilə də çoxsaylı səhmdarı olan korporasiyaların müflisləşmədə günahkar olanların sərt cəzalandırılması barədə tələblər getdikcə daha çox səslənir.

Eləcə də bax: Müflisləşmə bədbəxtlik yox, əksinə, faydalıdır – BİZNES TARİXİ - I HISSƏ

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz