22 yanvar 2018 11:42

Müflisləşmə bədbəxtlik yox, əksinə, faydalıdır – BİZNES TARİXİ - I HISSƏ

Dünyadakı iqtisadi böhran son illər sabitliyi şübhə doğurmayan ölkələrin və şirkətlərin möhkəmliyini şübhə altına salıb. Bir neçə ay əvvəl ABŞ-da yaranan müflisləşmə təhlükəsi indi Avropaya keçib. Yunanıstan, İtaliya, İspaniya, eləcə də bu ölkələrdəki yüzlərlə şirkət müflisləşməyə əsas namizədlərdir. Amma avro zonanı qorumağa çalışan siyasətçilərdən fərqli olaraq iş adamları müflisləşmədən o qədər də narahat deyil. Səbəbi odur ki, Qərb ölkələrində müflisləşmə «dünyanın sonu» sayılmır. Qərbdə iqtisadi problemlərə dözümlə yanaşırlar – kimin başına gəlmir ki… FED.az «Daşınmaz Əmlak»a istinadən bu dəfə müflisləşmənin tarixinə toxunub.

Təhlükəli perspektiv

Hərrac çəkicinin səsi – və ailənizin əşyaları artıq sizin deyil, eləcə də eviniz və digər əmlakınız kimi. Bu, əsrlər boyu varlı adamların ən çox qorxduğu səhnə idi. Orta əsrlərdə bizneslə məşğul olmaq riskli iş olduğuna görə, müflisləşmək təhlükəsi iş adamları üçün həmişə göz önündə idi. Avropada müflisləşmə halları tez-tez baş verirdi, amma adamları ən çox qorxuya salan hal, möhkəmliyi şübhə doğurmayan şirkətlərin və insanların müflisləşərək var-yoxunu itirməsi idi. Belə hallar adətən qalmaqalla nəticələnir və bəzən özündən sonra yeni iflaslara səbəb olurdu.

Hazırda dünya ölkələrinin əksəriyyətində müflisləşmə deyəndə borcluların kreditorlardan müdafiəsi nəzərdə tutulur. Bu müflislərə həyatlarını yenidən başlamağa imkan verir. Amma həmişə belə olmayıb – əvvəllər müflisləşmək faktiki olaraq həyatın sonu demək idi.

Dolları ixtira edən adam

Dünyada ən məşhur iflaslardan biri Robert Morrisin – ABŞ-ın yaradıcılarından birinin müflisləşməsi idi. Morris müstəqillik bəyannaməsinə imza atanlardan biri idi və indiki dollar işarəsindən də ilk dəfə o istifadə etmişdi. ABŞ yarananda Morris yeni dövlətin ən varlı vətəndaşlarından biri idi. O vaxtilə bank işi və quldarlıqla məşğul olmaqla atasından qalmış var-dövləti qat-qat artırmışdı. Vaxtında Amerika inqilabının tərəfinə keçən və yeni hökuməti dəstəkləyən Morris müharibədə Corc Vaşinqtonun qalib gəlməsi üçün əlindən gələni etdi.

Müharibədən sonra Robert Morris ölkənin nümunəvi sahibkarı sayılırdı. O Amerikada ilk dəmir-prokat zavodunun əsasını qoyur, ekzotik meyvələr istehsal edir, kanallar çəkir – bir sözlə, hər işlə məşğul olub pulu qazanırdı. Amma kommersiya xoşbəxtliyi daimi deyil. Morris əkinçiliyə pul qoymağa başlayanda onun problemləri də başladı. O bütün varidatını və əlavə kreditlər sərf edərək qısa müddət ərzində 24 min kvadrat kilometr torpaq aldı. Amma torpaq almaq az idi – əkinə başlamaq üçün əlavə pullar lazım idi. Morris bunun üçün krediti Hollandiya banklarından almaq niyyətində idi. Amma razılıq əldə olunmasına baxmayaraq Hollandiyadan pullar gəlmədi, çünki həmin vaxt Amsterdama Fransa qoşunları daxil olmuşdu.

Əkilməyən torpaqlar Morris üçün ölü yükə çevrildi, kreditorlar isə pullarını istəməyə başladılar. Borclularından yaxa qurtarmaq istəyən Morris qaçmağa cəhd etsə də tezliklə həbs olunaraq 1798-ci ildə həbsxanaya salındı. Həmin dövrdə Amerikada müflisləşmə və borcları qaytarmamağa görə qanunlar sərt idi – Morrislə bir kamerada qalan Çarlz Nil adlı birisi 1 dollar 70 sent borca görə məhkum olunmuşdu. Baş verənlər Morrisin özü ilə yanaşı, onu tanıyanları, bütün ictimaiyyəti dəhşətə gətirdi və ciddi dəyişikliklərə səbəb oldu.

Borcluların həbsxanaya salınması problemi həll etmir

Hamı başa düşdü ki, borclulara indiki yanaşma doğru deyil – məsələ bundadır ki, borcluların həbsxanaya salınması problemi həll etmirdi. Borclar əvvəlki tək ödənilmir və kreditorlar ziyana düşürdü. Əvəzində borcluların əksəriyyəti iddia edirdi ki, ona vaxt verilsəydi problemləri həll edə bilərdi. Nəhayət, açıq etiraf edilməsə də hamı anlayırdı ki, borcluların əksəriyyəti sahibkar, yəni diribaş insanlar idi. Onların fəaliyyəti cəmiyyətə daha xeyirli olardı, nəinki həbsdə yatmağı.

Məsələnin başqa tərəfi də vardı - həmin vaxt torpaqlara pul qoymaq qaydaya çevrilmişdi və Morrisdən başqa da bu sahəyə milyonlar xərcləyənlər kifayət qədər idi. Belələri hələ tutulmasalar da, təhlükəni hiss etməyə başlamışdılar. Bunların arasında isə bir neçə nüfuzlu konqresmenlər, hətta ali məhkəmənin sədri Ceyms Vilson da vardı. Bir an içərisində qəhrəmandan məhbusa çevrilən Morrisin başına gələnlər onları da narahat etməyə bilməzdi.

Nəticədə artıq 1800-cü ildə konqres müflisləşmə barədə yeni qanun qəbul etdi. Əvvəlki qanundan fərqli olaraq, bu sənəd borcluların öz borcunu ödəyə bilmədiyi təqdirdə onların kreditlərinin bir hissəsini silməyə icazə verirdi.

Qanuna görə, adam özü-özünü müflis elan edə bilməzdi, bunu onun kreditorları edə bilərdi. Amma hətta bu da çoxsaylı məhbusun, o cümlədən Morrisin həbsdən çıxmasına imkan verdi. O vaxtdan qanunvericilik borclulara qarşı daha rəhmli olmağa başladı. Bunun səbəbi aydın idi: cəmiyyətin varlı və nüfuzlu üzvləri başa düşürdü ki, müflisləşmə nə vaxtsa onların da başına gələ bilər, və buna görə də vaxtında özlərini sığortalayırdılar.

General Qrantın pulları

19-cu əsrdə iri firma və şirkətlərin müflisliyi nadir hallarda baş verirdi, şəxsi müflisləşmə isə kifayət qədər idi. Bu hal heç kimin gözləmədiyi şəxslərin başına gələndə isə bu böyük qalmaqalla nəticələnirdi. Məsələn 1872-ci ildə bütün London vikont Parkerin qəfil müflisləşməyi barədə danışırdı. 12,5 min funt sterlinq borc götürən vikont onu ödəyə bilməmiş, pulları qaytarmaq vaxtı gələndə isə gəmiyə minib Dünya Okeanında dövr etməyə başlamışdı. Kreditorlar onu çox qovmayaraq müflis elan etdilər və əmlakını sataraq pullarını götürdülər.

Amma 19-cu əsrin ən qalmaqallı iflası ABŞ-ın keçmiş prezidenti, Şimal-Cənub müharibəsinin qəhrəmanı general Uliss Qrantın müflisləşməsi idi. 1881-ci ildə eks-prezident oğlu kiçik Ulissin məsləhəti ilə özünün bütün pullarını Ferdinand Uordun biznesinə yatırır. Həmin vaxt F.Uordu Uoll-stritdə "gənc Napoleon" adlandırırdılar.

Keçmiş general «Napoleorn»la iş qurur. Tezliklə «Grant & Ward» investisiya şirkəti yaradılır. Üstəlik, Qrant öz dostlarını da bu biznesə pul yatırmağa razı salır. Əvvəlcə işlər yaxşı gedir və general Nyu-Yorkdakı villasında həyatdan həzz almağa başlayır.

Amma, sən demə, «gənc Napoleonun» bütün istedadı ondan ibarət idi ki, o səhmdarlara dividenti səhmlərlə ticarətdən aldığı gəlirdən ödəyirdi. «Grant & Ward» heç bir investisiya ilə məşğul olmurdu, Qrant və onun dostlarının yatırdığı pulları isə Ferdinand Uord dağıtmaqla məşğul idi. Nəhayət, 1884-cü ildə Uord Qrantın yanına gələrək ondan «müvəqqəti çətinlikləri» həll etmək üçün pul istədi. Qrant öz dostu, dəmiryol maqnatı Uilyam Vanderbiltdən 150 min dollar alıb onu Ferdinanda verir. Amma artıq bir neçə gündən sonra nə pulu, nə də Ferdinandı tapmaq mümkün olmur. Firma iflasa uğrayır, keçmiş prezident isə pulsuz qalır.

Sonradan Uordu tutub həbs edirlər, amma bunun generala xeyri olmur. Qrant aldığı 150 min dollara görə, Vanderbiltə özünün bütün əmlakını, sənədlərini, hətta mükafatlarını bağışlayır. Dostu mükafatları götürməkdən imtina edir. Amma onlardan başqa generalın heç nəyi qalmır. Üstəlik, həm də xəstə olan Qrant ömürlük sonunu ailəsini saxlamaq üçün memuarlarını yazmaqla keçirdi. Qrant 1885-ci ildə maliyyə fəlakətindən hələ də özünə gəlmədən vəfat edir.

Mark Tvenin macəraları...

Maraqlıdır ki, generalın memuarlarının nəşriyyatçısını da eyni aqibət yaxaladı. Söhbət ABŞ-da Qrantın özü qədər populyar olan məşhur yazıçı Mark Tvendən gedir. Yazıçılıqla yanaşı öz biznesini qurmaq istəyən Tven nəşriyyatla məşğul olmağa cəhd etsə də, pullarını batırır. M.Tven pullarını çap dəzgahının təkmilləşdirilməsinə yatırmaq istəyirdi. Amma dəzgah heç cür təkmilləşmirdi və 1894-cü ildə Tven də müflis oldu.

Bir sözlə müflisləşmə zadəgan, siyasətçi və ya yazıçı olmasından asılı olmayaraq istənilən şəxsin başına gələ bilərdi. Amma əvvəlki illərdən fərqli olaraq, bu dəfə heç kim həbsxanaya düşmürdü. Artıq 1833-cü ildən etibarən ABŞ-da borca görə adamları həbs etmək aradan qalxdı. Bu qayda 1869-cu ildən İngiltərədə, sonra isə bütün Avropada qəbul olundu.

Bu qaydaların səbəbi aydın idi: biznesə əsaslanan cəmiyyətdə müflisin yerinə hamı ola bilərdi, ona görə də belələrinin işini maksimum yüngülləşdirmək lazım idi.

Nəticədə hətta elə adamlar həbsxanadan kənarda qalırdılar ki, onların günahı üzündən minlərlə adam aldadılmış payçılara çevrilirdilər. Belələrini məhdud məsuliyyətli səhmdar cəmiyyətlər barədə qanunlar qoruyurdu. 19-cu əsrin ikinci yarısında isə belə cəmiyyətlər getdikcə çoxalırdı. Belə qanunlar sayəsində hətta ən böyük müflisləşməyə səbəb olan insanlar nəinki həbsxanaya düşmür, hətta öz şəxsi varidatını və reputasiyalarını qoruyub saxlaya bilirdilər.

Fransızsayağı müflisləşmə

1852-ci ildə Fransada bankirlər Emil və İsaak Pereyra qardaşları «Credit Mobilier» səhmdar bankı yaratdılar. Həmin dövrdə banklar bir qayda olaraq ailə müəssisələri olurdular, Pereyra qardaşları isə əksinə qeyri-adi addım ataraq investorların kapitalını cəlb etməyə başladılar.

İnvestorlar yeni bankın səhmlərini həvəslə alırdılar, çünki bilirdilər ki, qardaşlara Fransa imperatoru 3-cü Napoleonun özü dəstək verir. Qardaşlar isə bütün Fransada dəmiryol tikintisinə pul yatırmaqla imperatorun etimadını doğruldurdular. Bu yaxşı gəlir gətirirdi. Əgər 1852-ci ildə «Credit Mobilier"in investisiyaları 60 mln. frank təşkil etdiyi halda, artıq 1855-ci ildə bank 31 mln. frank mənfəət gətirmişdi.

Bundan dövlət də qazanırdı – çünki 1850-ci ildə Fransada dəmir yolunun uzunluğu cəmi 3 min kilometr olduğu halda 10 ildən sonra bu rəqəm 16 min km-ə çatmışdı. Bundan başqa, Pereyra qardaşları Napoleonun sosial təşəbbüslərini həvəslə maliyyələşdirirdilər. Bura Parisin yenidən qurulması, işsizliyi aradan qaldırmağa imkan verən ictimai işlər və s. aid idi. Bir sözlə, «Credit Mobilier» imperatorun sevimli bankı idi. Ölkə iqtisadiyyatı inkişaf etdiyi dövrdə bankın işləri də əla gedirdi. Amma 1866-cı ildə inkişaf sürəti azalan kimi bankın problemləri yarandı. Şirkətin aktivləri sürətlə qiymətdən düşməyə başladı. Məsələ bundadır ki, bankın aktivləri əsasən iri sənaye və nəqliyyat şirkətlərinin səhmlərinə qoyulmuşdu və böhran dövründə bunları normal qiymətə satmaq mümkün deyildi.

Nəticədə 1867-ci ildə «Credit Mobilier» bankı bataraq səhmdarlarını pulsuz qoydu. Buna baxmayaraq Pereyra qardaşları imperatora yaxınlıq sayəsində demək olar ki, ziyan çəkmədilər. Üstəlik onlar xeyriyyəçiliklə məşğul olmağa başladılar, İsaak Pereyr isə hətta dövlət mükafatlarına layiq görüldü.

Eləcə də bax: Müflisləşmə faciə yox, faydalı imiş - BİZNES TARİXİ - II HISSƏ

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin