Lənkəranda işgüzar forum keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Bu gün bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Lənkəran rayonunda keçirilib. Nazirlikdən Fed.az-a verilən məlumata görə, forumda Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.  

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkara 491 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, arıçılıq, bağçılıq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Tədbir çərçivəsində həmçinin, Lənkəran rayonunda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, son illər müasir texnologiyaların tətbiqi ilə 1856 ha ərazidə 22 bağçılıq və tingçilik təsərrüfatlarının maliyyələşdirilməsinə 27,5 milyon manat güzəştli kredit verilib.

 
 
 
 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin