28 dekabr 2017 18:41

Türkiyə və ABŞ arasında viza problemi həll olundu

Türkiyə ilə ABŞ qarşı tərəfin vətəndaşlarına viza verilməsi ilə bağlı qadağaları aradan qaldırıblar. FED.az xəbər verir ki, ilk addım ABŞ tərəfindən atılıb. Belə ki, əvvəlcə ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə ərazisində qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan məhdudiyyətləri ləğv edib. Bu barədə ABŞ səfirliyi müvafiq bəyanatla çıxış edib.
Bir qədər sonra Türkiyə Vaşinqtonun addımına analoji cavab olaraq ABŞ ərazisində vizaların verilməsinə qoyulan məhdudiyyəti ləğv etməyi qərara alıb. Bu bəyanatla Türkiyənin Vaşinqtondakı səfirliyi çıxış edib. Bəyanatda Ankara tərəfindən ABŞ vətəndaşları üçün viza rejiminə tətbiq edilən məhdudiyyətlərin qarşılıqlı prinsip çərçivəsində aradan qaldırıldığı bildirilir.
Bununla da iki ölkə arasında oktyabr ayından başlayan viza böhranı tam həllini tapıb.
Xatırladaq ki, diplomatik qalmaqal oktyabrın 4-də ABŞ konsulluğunun FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən əməkdaşı Metin Topuzun İstanbulda saxlanılması səbəbindən başlamışdı. Oktyabrın 8-də ABŞ-ın Ankaradakı səfirliyi bununla əlaqədar olaraq vizaların verilməsini dayandırmışdı. Bunun ardınca Türkiyənin Vaşinqtondakı səfirliyi də analoji addım atmışdı. Bu qalmaqal Türkiyə və Birləşmiş Ştatlar arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesinin tam dayanması ilə nəticələnmişdi.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin