Qarşıda bank sektorunu mühüm dəyişikliklər gözləyir. Üstəlik, bəzi bankların sıradan çıxması ilə sektorda təmərküzləşmə meyilləri də güclənir. 2017-ci ilin 9 ayının yekunlarına görə, 31 bankdan 12-si zərərlə işləyib. Mənfəətlə işləyən 19 bankın 3-cü rübün yekunları üzrə ümumi mənfəəti 616 milyon manat olub. Bütün mənfəətin 90.3%-i və ya 556.5 milyon manatı isə 3 bankın payına düşüb. Qalan 10%-dən az hissəsi - 49.5 milyon manatı da 16 bankın arasında bölüşdürülür.
Qeyd edək ki, bu üç bank - Azərbaycan Beynəlxalq Bankı, Kapitalbank və Paşabankdır.
FED.az iqtisadçı Samir Əliyevin bu barədə fikirlərini təqdim edir: "Bank sektorunda təmərküzləşmənin səviyyəsi Azərbaycanda aktual problemdir. Hazırda bu rəqəm 65-75% arasındadır. Konsentrasiyanın yüksəlməsi tendensiyası da davam edir. Ölkə bankları arasında kəskin uçurum var. Elə banklar var ki, bu sahədə ümumiyyətlə rolu yoxdur. Xatırladım ki, Beynəlxalq Bank bazarın 40%ni tuturdu. Bu bankda baş verən hadisələr bütün sektora və iqtisadiyyata zərbə vurdu. Ona görə də sektordakı bu yüksək təmərküzləşməni aradan qaldırmaq lazımdır. Əks halda, bu bankarın hər hansı birində baş verən neqativ hal bütün sistemə təsir edəcək".
Eləcə də bax:Azərbaycanda daha bir bank gərginliyə dözmədi - ƏMANƏT və KREDİTLƏRƏ “STOP”
S.Əliyev onu da qeyd etdi ki, 2016-cı ildə bank sektorunun Herfindahl indeksini ölçüblər. (Herfindahl indeksi - sahənin monopolizasiyasının səviyyəsini qiymətləndirən göstəricidir. İqtisadçılar Orris Herfindal və Albert Hirşmanın şərəfinə adlandırılıb) Nəticə isə ürəkaçan olmayıb: bank sektorunda inhisarlaşmanın səviyyəsi 68% olub. Ekspert onu da vurğuladı ki, 2012-ci ildə Azərbaycanda bu göstərici 59% olub. Bundan sonrakı illərdə göstərici yüksəlməyə başlayıb və devalvasiyadan sonra isə təmərküzləşmə daha sürətlə artıb. Bank sektorunun dayanıqlığını təmin etmək üçün müvafiq dövlət qurumları bu məsələyə qarşı diqqətli olmalıdırlar.
@insider
28 bank "oyundan kənardır": Gəlirlər 3 bankın əlində toplanıb
19:09
14 Dek 2017