21 oktyabr 2016 10:17

“Qarabağ” ilk qələbəsini qazandı

Dünən UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirildi.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşırb.
Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar ilk qələbəsini qazanıb.

Matçın ilk hissəsi çempionumuzun üstünlüyü ilə keçib. Ancaq ələ düşən bir neçə fürsətdən istifadə edə bilməyən ağdamlılar bu üstünlüyü tabloda əks etdirə bilməyiblər. On dəqiqənin tamamında Muarrem rəqib qapısı önündə 2 metr məsafədən sağ cinahdan gələn ideal ötürməyə uğursuz toxunuş edib. Top isə qapı xəttinə paralel gedərək meydandan çıxıb.

Bundan 9 dəqiqə sonra bu dəfə sol cinahdan Ansi Aqollinin ötürməsini saxlamadan sol ayaqla qapıya yönəldən Dino Ndlovunun zərbəsi qapıçı da daxil olmaqla hər kəsi keçsə də, qapı tirinə "iliş"di.

Növbəti hücumda rəqib fərqlənə bilərdi ki, bu dəfə Şehiç diqqətli oynadı. İlk hissənin qalan dəqiqələrini də öndə keçirən təmsilçimiz daha bir neçə dəfə təhlükə yaratsa da, 45 dəqiqənin tamamına kimi nəticə əldə edə bilmədi.

İkinci hissə də təmsilçimizin hücumları ilə başladı. Əvvəlcə Ndlovunun hiyləgər ötürməsini başa düşməyən Muarrem təhlükəni başlamamış bitirdi. 56-cı dəqiqədə isə hesab açıldı.

Maksim Medvedevin zərgər dəqiqliyi ilə ötürdüyü topu oyundankənar vəziyyətdən santimetrlərlə yayınan Dani sağ ayağı ilə qapının uzaq küncünə nişanladı.

Hesab açıldıqdan sonra da "Qarabağ"ın hücumları davam etdi. Bir vəziyyətdə Dino Ndlovunun yerinə oyuna girən Mahir Mədətov qapıçını da keçsə də, zərbə vurmaqda gecikdi.

Qarşılaşmanın sonuna dəqiqələr qalmış Rahid Əmirquliyev fərqi ikiyə yüksəltdi. Oyunboyu passiv çıxış edən, vəziyyətləri sağa-sola xərcləyən Muarrem mükəmməl ara ötürməsi ilə "15 nömrə"ni qapıçı ilə təkbətəkə yolladı. Rahid isə fürsəti boşa vermədi. Sağ küncə nişanlanan top "qapı dirəyi"ni də "salamlayaraq" tora qovuşdu.

Bununla da komandamız qrupda ilk qələbəsini qazandı.

apasport.az©

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin