29 oktyabr 2017 23:40

Bakı-Tiflis-Qars dəmiryolu necə çəkildi? - BİR LAYIHƏNİN TARİXİ


Bu gün Azərbaycan ölkə üçün ən mühüm layihələrdən birinin - Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin başa çatmasını qeyd edir. FED.az xəbər verir ki, artıq layihənin icrası başa çatıb, ötən ay dəmir yolunun ilk sınağı uğurla baş tutub. Axalkalaki stansiyasındakı yüklü vaqonun təkər arabacıqlarının dəyişmə (1520 millimetr standartlı izdən 1435 millimetr standartlı izə və əksinə keçirilərək) və iritonnajlı konteynerin vaqondan-vaqona götürülüb qoyulması məntəqələrində qurğular uğurla sınaqdan keçirilib. Bu gün isə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı mərasimi keçiriləcək.

Bu layihə Azərbaycanla Türkiyə arasında birbaşa dəmiryol əlaqəsi yaratmaqla yanaşı, bürün Asiyanı Avropaya birləşdirir. Layihənin tarixi də onun özü qədər maraqlıdır. FED.az Bakı-Tiflis-Qars dəmiryolunun tarixini təqdim edir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Türkiyənin Qars şəhərindən Axalkalaki (Gürcüstan) stansiyasına qədər dəmir yolunun, eləcə də müvafiq infrastruktur obyektlərinin tikilməsi, Axalkalaki stansiyasından Marabda (Gürcüstan) stansiyasına qədər mövcud olan dəmir yolunun və daimi qurğuların rekonstruksiyası və adıçəkilən dəmir yolu bağlantısı xəttinin Bakıya qədər, eləcə də əks istiqamətdə istismarıdır. Prezident İlham Əliyevin sözlərinə görə, yeni marşrut malların Çindən Avropaya, Avropadan Çinə gətirilməsi üçün ən qısa yol olacaq.

Danışıqlar hələ 1993-cü ildə başlayıb

BTQ dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 1993-cü ilin iyulunda Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. Lakin ondan sonrakı 11 ildə bu sahədə heç bir irəliləyiş olmayıb. Prezident İlham Əliyev 2004-cü ilin iyununda Tbilisidə rəsmi səfərdə olarkən Gürcüstanın o vaxtkı Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirib. Həmin vaxtdan layihənin həyata keçirilməsi istiqamətində danışıqlar daha da intensivləşib və ötən müddət ərzində bu bağlantının reallaşması istiqamətində də bir sıra görüşlər keçirilib. Həmin ilin avqustunda Ankarada keçirilmiş Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə tərəflər mühəndis-axtarış işlərinin aparılması və uyğunlaşma layihəsinin hazırlanması barədə razılığa gəliblər. Dekabr ayında isə layihə ilə bağlı növbəti görüş keçirilib və Birgə İşçi Qrupu yaradılıb.
2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında isə BTQ-nin reallaşması istiqamətində mühüm bir sənəd imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın və Türkiyənin sabiq prezidentləri M.Saakaşvili və Ə.N.Sezər üç ölkə arasında yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə bəyannamə imzalayıblar.
Bu bəyannamə hər üç ölkənin BTQ dəmir yolu bağlantısı layihəsinə nə qədər böyük əhəmiyyət verdiyini bir daha təsdiqlədi. Sənəddə yeni dəmir yolu bağlantısı layihəsinin tikintisi və istismarı üzrə hökumətlərarası sazişin imzalanmasının təmin edilməsi, layihənin həyata keçirilməsi üçün regional və beynəlxalq institut və qurumları, həmçinin layihənin maliyyələşdirilməsinə investorların cəlb olunması, layihənin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı və TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ilə sıx əməkdaşlığın təmin edilməsi məqsədilə Əlaqələndirmə Şurasının yaradılması kimi məsələlər öz əksini tapdı. Məhz bu sənəd Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinə təkan verdi.
Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi 2007-ci il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması oldu. Həmin gün Gürcüstan parlamentinin binasında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstanın sabiq Prezidenti M.Saakaşvilinin və Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü oldu. Həmin görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti bir daha vurğulandı, onun regional əməkdaşlığın inkişafına xidmət edəcəyi bildirildi.
2007-ci il fevralın 21-də isə Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzaladı. Aprelin 10-da Milli Məclis “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” Tbilisi şəhərində imzalanmış Sazişi təsdiq etdi. 21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu kəmərinin Gürcüstan hissəsinin, 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Türkiyə hissəsinin tikintisinə start verildi.

Mürəkkəb relyefdən keçən dəmir yolu xətti

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə sazişə əsasən, Azərbaycan layihənin reallaşması üçün Gürcüstana illik minimum faizlə 775 milyon dollar kredit verib. Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib.
Gürcüstan ərazisində layihə üç istiqamətdə həyata keçirilib. Bunlar Axalkalakidən Türkiyə sərhədinə (Kartsaxi) qədər 26,3 kilometr uzunluğunda yeni dəmir yolunun, Axalkalakidə təkər cütlərinin dəyişdirilməsi stansiyasının (3 kilometr) tikintisi və Marabda-Axalkalaki sahəsində 153,1 kilometr uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyasıdır. Öz növbəsində reabilitasiya və rekonstruksiya işləri üç mərhələdə aparılıb.
I mərhələ Marabda-Tetritskaro sahəsini (29,2 kilometr), II mərhələ Tetritskaro-Tsalka sahəsini (49,7 kilometr), III mərhələ Tsalka-Axalkalaki sahəsini əhatə edib (74,1 kilometr).
Gürcüstan-Türkiyə sərhədində isə 4,45 kilometr uzunluğunda tunel tikilib. Bunun 2,07 kilometri Gürcüstan, 2,38 kilometri Türkiyə ərazisinə düşür. Qeyd edək ki, tunelin Gürcüstan tərəfdə əvvəlcə 1,2 kilometr olması nəzərdə tutulurdu. Lakin tikinti aparılan zaman torpaq sürüşmələri aşkar edilib və bu səbəbdən tunelin tikinti yeri dəyişdirilib. Buna görə də Gürcüstanda tunelin uzunluğu layihədə nəzərdə tutulan 1,2 kilometrdən 2 kilometr 70 metrədək uzanıb. Bunun nəticəsində həm də layihənin icrasında gecikmələr baş verib.
Axalkalaki stansiyasını Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər də uğurla başa çatdırılıb və Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin müvafiq əmri ilə istismara qəbul edilib.
Türkiyə ərazisində Qars-Gürcüstan sərhədi sahəsində 75,6 kilometr uzunluğunda yeni dəmir yolu tikilib. Ümumiyyətlə, layihənin həyata keçirildiyi ərazidə relyef olduqca mürəkkəbdir. Buna görə də bəzi ərazilərdə dəmir yolu xəttinin mailliyi 35 faizə çatır. Elə bu səbəblərdən də tikinti işləri aparılarkən müəyyən ləngimələr ortaya çıxıb.
Azərbaycan ərazisində isə uzunluğu 503 kilometr olan Bakı-Gürcüstan sərhədi dəmir yolu hissəsinin rekonstruksiyası həyata keçirilir. Bu layihə çərçivəsində yolun üst quruluşunun tam yenidən qurulması, elektrik təchizatı sisteminin dəyişən elektrik cərəyanı sisteminə keçməklə yenidən qurulması, işarəvermə, rabitə və avtobloklama sistemlərinin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş dispetçer idarəetmə sisteminin yaradılması, lokomotiv parkının yeniləşdirilməsi, qatarların mövcud hərəkət sürətinin artırılması və sair nəzərdə tutulur. Artıq bu işlərin əksər hissəsi başa çatıb.

Azərbaycanın mövqelərini möhkəmləndirən mühüm faktor

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı yola düşüb. 82 konteynerdən ibarət qatar Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə yola salınıb. Qatar ilk öncə Kustanay stansiyasından Kurık limanına çatacaq, oradan isə yüklər gəmi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətiriləcək. Sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınması həyata keçiriləcək. Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklərin həcmi ildə 500 min konteynerə qədər artacaq. Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq. Təkcə özəl sektorun nümayəndələri - sahibkarlar ildə 1 milyon ton yük göndərə biləcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda yeni logistik mərkəz yaradılacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına isə gələn ildən başlanılacaq. Bununla əlaqədar İsveçrənin “Stadler” zavoduna 30-a yaxın vaqon sifariş verilib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq. Bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha rahat səfər etmələrini təmin edəcək.
Beynəlxalq standartlara uyğun tikilən bu dəmir yolu yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artmasına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nəqliyyat infrastrukturunun geniş miqyasda inkişafına, nəqliyyat əlaqələrinin səmərəliyinin artmasına, beynəlxalq bazarlara daha əlverişli çıxışın təmin olunmasına əlverişli şərait yaradacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz