Bu ilin ötən dövrü ərzində Naftalana dünyanın 60-dan çox ölkəsindən qonaq gəlib. FED.az xəbər verir ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Türkiyə, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Meksika, Hindistan, Polşa, İtaliya, Şimali Koreya, Kanada, Amerika Birləşmiş Ştatları və digər ölkələrdən gələn qonaqlar onlara göstərilən xidmətdən və yaradılan şəraitdən razı qalıblar.
Bu gün şəhərdə fəaliyyət göstərən 3-5 ulduzlu 10 sanatoriya və müalicə mərkəzi 2200 turisti qəbul edə bilir. Həmin müalicə və istirahət ocaqlarında hər cür imkan və şərait, o cümlədən dünya standartlarına cavab verən infrastruktur yaradılmışdır. Üstəlik turistlərin marağı nəzərə alınaraq onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə səfərləri təşkil edilir.
Sağlamlıq turizminin daha geniş təbliği məqsədilə Naftalanın turizm obyektləri ölkəmizdə və xaricdə keçirilən sərgilərdə fəal iştirak edir, ziyarətçilərə Naftalan şəhəri, onun unikal müalicəvi əhəmiyyətə malik olan nefti haqqında ətraflı məlumat verilir. Nəticədə bir çox xarici ölkələrlə əlaqələr genişlənir. Hazırda Naftalan şəhəri Fransanın Leqi, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərə aid son misal: Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardin bu günlər Naftalanda olub. Səfirlə əməkdaşlıq haqqında maraqlı müzakirələr aparılıb, Naftalan neftinin müalicəvi xüsusiyyətləri barədə ona ətraflı məlumat verilib. O öz ölkəsində Naftalan müalicə kurortuna böyük maraq göstərildiyini vurğulamış və gələcəkdə meksikalıların burada istirahət edib müalicə olunmaları arzusunu bildirib.