Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.
FED.az xəbər verir ki, uçuşlar 16 yanvar 2018-ci ildən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcəkdir.
Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.
Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun sözlərinə görə, Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir: "Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaqdır. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcəkdir. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcək”.
Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı həyata keçiriləcək.
Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Qeyd edək ki, oktyabrın 29-dan etibarən Buta Airways Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcək.
Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Bakı-Sofiya aviabiletinin qiyməti açıqlandı
14:26
13 Okt 2017