Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Macarıstanın və Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Viktor Sederkenyi və Rustam Soliyev, həmçinin İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüş keçirib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, hər üç görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Viktor Sederkenyi ilə keçirilmiş görüşdə son illərdə Azərbaycan və Macarıstan arasında xüsusilə mədəniyyət sahəsində əməkdaşlıq, həmçinin cari ilin 16-17 mart tarixində Azərbaycanda keçirilən Macarıstan Mədəniyyət Günləri barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub. Əbülfəs Qarayev Macarıstan tərəfinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında və Nazirlik tərəfindən təşkil olunan digər beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini qeyd edərək bunu yüksək qiymətləndirdiyini və 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan “Bakı Prosesi” təşəbbüsünün 10 illik yubileyinin qeyd ediləcəyini bildirib.
İki ölkə arasında turizm sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən nazir Əbülfəs Qarayev bu sahədə böyük potensialın mövcud olduğunu bildirib.
Tacikistan səfiri Rustam Soliyevlə keçirilmiş görüşdə iki ölkə arasında qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir iki ölkə arasında turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsinə şərait yaradılmasını xahiş edib. Nazir Əbülfəs Qarayev bu istiqamətdə Tacikistan tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirib.
İspaniyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə keçirilən görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. İspaniyanın BMT-nin Sivilizasiyalar Alyansının əsas qurucu ölkələrindən olduğunu nəzərə alaraq Əbülfəs Qarayev İspaniya ilə gələcək əməkdaşlığın perspektivlərini qeyd edib, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan “Bakı Prosesi” təşəbbüsü və 2018-ci ildə həmin təşəbbüsün 10 illik yubileyinin qeyd olunacağı barədə məlumat verib.
Əbülfəs Qarayev, həmçinin cari ilin 11-16 sentyabr tarixlərində Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilmiş Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının BMÜTT-nin İcraiyyə Şurasına namizədliyinin İspaniya tərəfindən dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.