Nazirlər Kabineti “Yaşıllıqların bərpası Qaydası”nı təsdiq edib.
Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydalarını müəyyən edir.
Yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaitinin, qrantların və digər yardımların ayrılması dəstəklənir. Yaşıllıqların bərpası ilə bağlı müvafiq tədbirlər dövlət büdcəsindən maliyyələşən aidiyyəti qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər daxilində həyata keçirilir. Yaşıllıqların (ağaclıqların) bərpası yaşıllıqlar götürüldükdə (kəsildikdə), zədələndikdə, məhv edildikdə və yaşıllıqların təbii istismar müddəti bitdikdə aparılır. Yaşıllıqların təbii istismar müddəti bitdikdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin qərarı ilə yaşıllıqlar əsaslı rekonstruksiya olunur. Yaşıllıqların bərpası yaşayış məntəqələrinin ərazi planlaşdırılması sənədlərinə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış ərazilərdə həyata keçirilir. Yaşıllıqların bərpası 1 il müddətində həyata keçirilir. Yaşıllıqların zədələnməsi, məhv edilməsi və təbii istismar müddətinin bitməsi hallarında yaşıllıqların bərpası üzrə tədbirlər istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələr tərəfindən həyata keçirilir.
Yaşıllıqların bərpa dəyərinin hesablanması üçün mülkiyyət və təşkilati-hüquqi formasından, yerləşdiyi ərazidən və funksional təyinatından asılı olmayaraq yaşıllıqlar ağaclar, kollar, canlı çəpərlər, gül-çiçəklər və ot bitkiləri olmaqla təsnifatlaşdırılır. Ağac və kolluqlar ədədlə sayılır. Əgər ağacın bir neçə gövdəsi varsa, bərpa dəyərinin hesablanması zamanı hər gövdəsi ayrıca nəzərə alınır.. Canlı çəpərlərin hesablanması kol bitkisinin uzunluğuna görə müəyyən edilir. Canlı çəpərdə kolların sayının hesablanması zamanı çəpər birsıralı olan halda bir metrdə kəsilən kolların sayı 3 ədədə bərabər, ikisıralı çəpərdə isə 5 ədədə uyğun götürülür. Təbii bitən kolların və ağacların olduğu cəngəlliklər (vahid bağlı örtük yaradan ağaclar və (və ya) özü bitən və əkilən kolluqlar) hesablanarkən hər 5 kvadratmetr 1 ağaca bərabər götürülür. Ot bitkilərinin, gül-çiçəklərin hesablanması otlu və ya gül-çiçəkli bitkilərin tutduğu ərazinin kvadratmetrinə görə müəyyən edilir.