Yolumuzu paylaşmağı bacaraq!  

Təəssüflər olsun ki, ekoloji tərəfdən təmiz nəqliyyat vasitəsi olan velosiped hələ də, insanlarımız tərəfindən tam qəbul olunmur. Halbuki velosiped, nəinki insan sağlamlığına, həm də şəxsi büdcəyə xeyli faydalıdır. Əslində şəhərimizin bir çox magistral yollarının kənarlarında velosiped və digər motorsuz nəqliyyat vasitələri üçün sarı zolaqlar olsa da, əksər hallarda avtomobil sürücülərimiz buna biganə yanaşır və yolu paylaşmaq istəyində olmurlar.

“Yolumuzu paylaşmağı bacaraq!” adı altında təqdim olunan bu sosial çarxda velosipedçi xanımlar Turan və Səhər velosipeddən istifadənin onlar üçün idman, ünsiyyət, yenilik, geniş imkanlar, eləcə də büdcəyə qənaət olduğunu qeyd edərək, problemlərin də az olmadığını bildirirlər. Onlar Bakının küçələrində sevimli nəqliyyat vasitələri ilə hərəkət edərkən üzləşdikləri maneələrdən şikayətlənir, xüsusilə avtomobil idarəçilərinin onlara yol vermədiyindən, tez-tez qınaq obyektinə çevrikdiklərindən, velosiped sürücüsü xanım olarsa bunun ictimaiyyət tərəfindən birmənalı qarşılanmadığından bəhs edirlər.

Gənc velosipedçi xanımların əsas arzusu, Bakı şəhərinin küçələrində velosiped yollarının çox olması, park etmək üçün daha əlverişli şəraitin yaradılması və təbii ki, avtomobil sürücülərinin yolları paylaşmağı bacarmasıdır.

Sosial çarx, sürücülük mədəniyyətinin təbliğinə, eləcə də velosipedin nəqliyyat vasitəsi kimi qəbul olunmasına dəstək məqsədilə Azəri Yurdu Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Mədəni insan modelini etik davranışlar formalaşdırır!” layihəsi çərçivəsində hazırlanmışdır.  

Qeyd edək ki, sizə mütəmadi olaraq sosial yönümlü video çarxlar təqdim edəcəyik.
 
 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin