02 avgust 2016 12:12

Öz biznesinə necə başlamalı: Addımbaaddım təlimat və göstərişlər

Hər il ölkədə yüzlərlə insan öz şəxsi işini qurur və biznesinə başlayır. Hansısa biznesi qurmaq üçün çox və böyük səylə çalışmaq lazımdır. Bu yolda insanlar çoxlu çətinliklərlə üzləşir, hətta çoxları uğursuzluqlara düçar olur. Lakin biznesdə uğur qazanmağa müvəffəq olan insanlar bütün maneələri aşaraq öz uğur yoluna qədəm qoyaraq irəli gedir.
Əgər siz də öz ilk biznesinizi qurmağa və başlamağa hazır olduğunuzu düşünürsünüzsə, o zaman aşağıda verilən addımbaaddım keçməli olacağınız ardıcıl mərhələlərin qısa təsviri ilə tanış ola bilərsiniz.
1. İdeyalarla bağlı fikir və ya beyin fırtınası 
2. Biznes planın qurulması
3. Maliyyə vəsaitlərinin qiymətləndirilməsi
4. Biznesin leqal strukturunun müəyyənləşdirilməsi 
5. Dövlət qeydiyyatından keçmək
6. Sığorta polisi almaq
7. Komanda qurmaq
8. Brendi nümayiş etdirmək və biznesi reklam etmək 
9. Biznesi inkişaf etdirmək, böyütmək
 

  1. İdeyalarla bağlı beyin fırtınası

Hər yeni biznes hansısa bir ideya ilə başlayır. Ola bilsin, sizin həqiqətən də yaxşı bildiyiniz, tanış olduğunuz və maraqlandığınız bir şey vardır və ya bəlkə bazardakı boşluğu doldurmaq üçün hansısa bir üsul tapdığınızı düşünürsünüz. Bu zaman hərəkətə keçin və maraqlarınız ən çox nə ilə bağlıdırsa, məhz o sahəni öz biznesinizə çevirə bilmək imkanınız artacaqdır.

Ola bilsin, digər bir üsul tapmısınız və artıq təsis edilmiş şirkətin franşizasını açmaq istəyirsiniz. Əgər siz bu marşrutu seçirsinizsə, o zaman qarşınızda böyük səy və iş tələb edən yol durur. Bu yolu seçmisinizsə, o zaman bilirsiniz ki konsepsiya, brend və biznes modeli artıq vardır. Lakin sizdən tələb olunan şey sadəcə öz fəaliyyətinizi həyata keçirə bilmək üçün yaxşı məkanın və maliyyə vəsaitlərinin olmasıdır ki, fəaliyyətinizi maliyyələşdirə biləsiniz.

Çoxlu ideyalarınız ola bilər, lakin onların siyahısını qısaltmalı və bir, ya da iki ideyanı saxlamalısınız. Sadəcə seçdiyiniz sahədə mövcud şirkətlər barədə sürətli axtarış aparın və cari aparıcı brendlərin nə ilə məşğul olduğunu öyrənin və bunu onların etdiyindən də yaxşı necə edə biləcəyinizi müəyyənləşdirin. Əgər digər bizneslərin çatdıra bilmədiyi şeyi sizin biznesinizin çatdıra biləcəyini (və ya digərlərindən fərqli olaraq daha tez və daha ucuz çatdıra biləcəyini) düşünürsünüzsə, o zaman sizin əsaslı ideyanız artıq var və sizə növbəti mərhələdə sadəcə öz biznes planınızı qurmaq qalır.

Devid Silverstayn, BMGI konsaltinq şirkətinin əməliyyat strategiyası üzrə Baş İcraçı Direktoru və qlobal biznes konsultantı, xəbərdarlıq edərək bildirirdi: “Biznes sadə ideyalarla başlamır. Biznes problemlərin həlli və nəyisə daha yaxşı etmək imkanı ilə başlayır. Biznes sadəcə biznes sahibkarı olmaq naminə qurulmamalıdır. Problemin həlli yolunu və öz müştərinizi yaxşı tanımalısınız. Sadəcə ideyanız deyil, aydın biznes modeliniz olmalıdır”.
 

  1. Biznes planın qurulması

Devid Silverstaynın da bildirdiyi kimi biznes modelin olması önəmlidir. Ona görə də artıq aydın seçilmiş, ələkdən keçirilmiş biznes ideyanız olduqdan sonra, öz biznes planınızı qura bilərsiniz.

Bunun üçün özünüzə bir neçə vacib suallar verməlisiniz: Biznesinizin məqsədi nədir? Bunu kimə satacaqsınız? Son məqsədləriniz nədir? Fəaliyyətinizin ilkin mərhələlərində öz xərclərinizi necə maliyyələşdirəcəksiniz? Bütün bu sualları yaxşı yazılmış biznes-planda cavablandırmaq olar.

Biznes plan sizə kömək edəcəkdir ki, a) şirkətinizin hara yönələcəyini; b) hansısa potensial çətinliklərin öhdəsindən necə gələcəyinizi; c) biznesinizi dəstəkləmək üçün nəyin sizə lazım olduğunu müəyyənləşdirəsiniz. Biznes planınızı yazmaq üçün aşağıda sizə təlimatlar üzrə bələdçidən sadəcə bir neçə əsas bölmələr verilmişdir.
 

  • Biznes planınız nədən bəhs edir və məqsədlərinizə necə çatacaqsınız

  • Bazarın tələblərinə necə cavab verəcəksiniz

  • Hədəf seçdiyiniz bazar sahəsində apardığınızı araşdırmalar

  • Şirkətinizin təşkili və idarəedilməsi.

  • Xidmətlərinizin və məhsullarınızın cərgəsi – bura həmçinin müəllif hüquqları barədə məlumat və R & D əməliyyatları da daxildir.

  • Bazara daxil olma və inkişaf/artım üzrə strategiyalar

  • Hesablanmış xərclər və investorların axtarışı (maliyyə dəstəyinə ehtiyacınız olduqda).

 

  1. Maliyyə vəsaitlərinin qiymətləndirilməsi

İstənilən biznesə başladıqda çəkəcəyiniz xərcləri necə bağlayacağınız və qarşılayacağınız barədə düşünməlisiniz. Məsələn, yeni şirkətinizi maliyyələşdirmək üçün kifayət qədər vəsaitiniz varmı, yoxsa haradansa borc pul alacaqsınız? Bu suallara mütləq cavab tapmalısınız. Qurduğunuz işin növündən asılı olaraq sizin çox və ya az miqdarda maliyyə yardımına ehtiyacınız ola bilər. Əgər maliyyə dəstəyinə ehtiyacınız varsa, o zaman bank vasitəsilə kommersiya krediti almaq yaxşı başlanğıc nöqtəsi hesab edilə bilər. Əgər bank krediti ala bilmirsinizsə, o zaman alternative mənbələrdən, kiçik biznes üçün kredit verən təşkilatlardan borc ala bilərsiniz.

Daha böyük maliyyə tələb edən yeni şirkətlər vençur kapitalını da nəzərdən keçirə bilər. Bu, adətən bir neçə milyonlarla dollar məbləğində olan puldur. Bu pulu qoyan şəxslər isə adətən investorlar (şirkət və ya bizneslər) olur ki, onların da məqsədi gənc şirkətə maliyyə dəstəyi göstərməklə həmin biznesdə tamamilə öz praktiki rollarını oynamaqdır. Alternativ olaraq, öz əmlakınızı girov qoya və ya kiçik biznes kredit kartından istifadə edə bilərsiniz ki, bu da heç bir halda məsləhət görülmür.
 

  1. Biznesin leqal strukturunun müəyyənləşdirilməsi

Şirkətinizi qeydiyyatdan keçirməzdən əvvəl onun hansı təşkilat kimi fəaliyyət göstərəcəyini müəyyən etməlisiniz. Bu, sizə kömək edəcəkdir ki, gələcəkdə vergilərlə və digər qanunvericilik məsələləri ilə bağlı problem yaşamayasınız.

Qeyd edək ki, adətən kiçik biznes təşkilatları üçün daha geniş yayılmış xarakterik şirkət forması Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). Lakin istənilən halda cari tələbləriniz, gələcək biznes məqsədləriniz üçün hansı növ şirkət formasını seçəcəyinizə özünüz qərar verəcəksiniz.
 

  1. Dövlət qeydiyyatından keçmək

Rəsmi olaraq tanınan biznes qurumu olmaq üçün dövlət qeydiyyatından keçməlisiniz. Əgər korporasiya yaradırsınızsa, o zaman biznesinizin adı, məqsədi, korporativ struktur, səhmlər barədə təfərrüatlı məlumatlar və şirkətiniz barədə digər məlumatların öz əksini tapdığı şirkət nizamnaməsi sənədiniz olmalıdır. Digər halda isə, sadəcə biznesinizin adını qeydiyyatdan keçirə bilərsiniz.

Biznesinizin növündən asılı olaraq xüsusi VÖEN aça, lisenziya və ya icazələr də ala bilərsiniz.
 

  1. Sığorta polisi almaq

Biznesinizin növündən, yerləşdiyi yerdən asılı olaraq rəsmi şəkildə biznesinizi açmazdan əvvəl onu sığortalaya da bilərsiniz. Məsələn, insidentlərin baş verməsindən, əmlaka ziyanın dəyməsindən onu sığortalaya bilərsiniz və ya işçiləriniz varsa, onları sığortalaya bilərsiniz.
 

  1. Komanda qurmaq

Biznesinizin yeganə sahibi və əməkdaşısınızsa, gələcəkdə sizə biznesi uğurla qura bilməniz üçün mütləq komanda yığmağa ehtiyacınız olacaqdır.

Yeni başlayan sahibkarlar əsasən bütün diqqətlərini bazara uyğunlaşmağa yönəldirlər. Bu, əlbəttə ki, vacibdir; lakin unutmayın ki, sizin məhsulunuz məhz insanlar tərəfindən qurulur. Əsas diqqət yetirməli olacağınız məsələlər isə öz komandanızı müəyyən etmək, onların rolunu, məsuliyyətini müəyyənləşdirmək, əmək və iş bölgüsü aparmaq, hansı boşluqların mövcud olduğunu görüb anlamaq, onların necə və nə vaxt ünvanlayacağınızı müəyyənləşdirməkdən ibarətdir. Bu da sizi yekunda çoxsaylı problemlərdən və başağrılarından azad edəcək.
 

  1. Brendi nümayiş etdirmək və biznesi reklam etmək

Möhtəşəm fikriniz varsa və lakin insanlar bu barədə heç nə bilmirlərsə o zaman həmin ideya sizə heç bir fayda gətirməyəcəkdir. Öz məhsul və ya xidmətinizi satmazdan əvvəl, brendinizi yaratmalısınız, biznes qapılarınızı hərfi və ya obrazlı şəkildə açarkən ardınızca getməyə hazır olacaq insanları tapmalı və cəlb etməlisiniz.

Hazırki müasir dünyamızda istənilən kiçik biznes üçün praktik baxımdan əhəmiyyətli olan mənbələr şirkət veb-saytı və sosial media profilləridir. İnsanlara sizin brendinizi asanlıqla tanımağa kömək edəcək bir loqo yaradın və bütün mövcud platformalarınızda onu davamlı olaraq tanıdın. Yeni şirkətiniz barədə məlumatı yaymaq üçün sosial mediadan istifadə edin. Siz sosial mediadan hətta öz ardıcıllarınıza, yəni izləyicilərinizə kuponlar və endirimlər təklif edən yardımçı vasitə kimi də istifadə edə bilərsiniz. Lakin həmin vasitələri, eləcə də biznesiniz və sahəniz barədə maraqlı və müvafiq kontenti daim yeniləməyi unutmayın.
 

  1. Biznesi inkişaf etdirmək, böyütmək

İlkin açılış və ilk satışlar sizin sahibkar kimi qarşınıza qoyduğunuz vəzifələrin sadəcə başlanğıcıdır. Gəlir əldə etmək və hər zaman biznesinizi ayaqda saxlaya bilmək, rəqabətə davam gətirə bilmək üçün daim biznesinizi inkişaf etdirməlisiniz. Bu isə vaxt və çoxlu əmək tələb edir.

Seçdiyiniz sahədə daha çox sözünü demiş brendlər ilə əməkdaşlıq etmək sizin biznesinizin də inkişaf etməsi, artması üçün ən əla vasitədir. Digər şirkətlərə və ya hətta nüfuzlu blogerlərə müraciət edin və pulsuz məhsul və ya xidmət nümunəsi müqabilində onlardan təşviq və ya reklam edilməyi xahiş edin. Adınızı, məhsulunuzu tanıtmaq üçün vaxt ayırıb xeyriyyə təşkilatları və könüllülər ilə əməkdaşlıq edin.

Biznesə başlamaq riskli və çətin ola bilər, lakin düzgün vasitələr və məlumatla silahlansanız, o zaman sahibkarlıq fəaliyyətinə başlaya və bu işdə yaxşı addımlar ata bilərsiniz.

Mənbə: www.businessnewsdaily.com
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin