02 avgust 2016 14:36

Parlaq gələcək və ya gündəlik reallıq konsepsiyası

Bir neçə il bundan əvvəl “IT” (informasiya texnologiyaları) dediyimiz məfhum parlaq gələcək konsepsiyası kimi səsləndirilirdi. Halbuki, hazırda bu məfhum artıq bizim gündəlik həyatımızın bir parçasına çevrilmişdir və gündəlik reallığımızı əks etdirir. İndi elə bir sahə yoxdur ki, orada İT-dən istifadə edilməsin; ələlxüsus da əgər səmərəliliyi artırmaq və ya keyfiyyətli yeni xidmət ya da məhsul meydana çıxartmaq istəyiriksə, mütləq İT-yə müraciət edirik.

Sadə bir misala nəzər salaq: təsəvvür edin ki, massaj ustası işləyirsiniz, bu zaman insanlarla işlədiyinizə görə gündəlik fəaliyyətinizdə texnologiyaya o qədər də ehtiyacınız olmayacaqdır. Lakin əgər daim xəstələrinizlə işləyirsinizsə, onların sağlamlığında dəyişən halları müşahidə edir və bu göstəriciləri nəzərə alırsınız; bu zaman daha yaxşı olardı ki, texnologiyaların və məlumat təhlillərinin köməyilə bu prosesə nəzarət etmiş olardınız. Bu da öz növbəsində diaqnozun qoyulması və düzgün müalicənin seçilməsi prosesində işinizi yüngülləşdirərdi. Ola bilsin, göstərdiyimiz nümunə sizə çox primitiv gələ bilər, lakin bu nümunə İT-nin bizim həyatımızda nə dərəcədə mühüm rol oynadığını göstərir. Eləcə də bu və ya digər məhsul ya da xidmətin alınması və ya tətbiqindəki dəyişiklikləri, o cümlədən onların inkişaf etdirilməsini göstərir.

Müasir dövrdə İT-nin tətbiq edilməsi zərurətinin olub-olmaması ilə bağlı çox az sual yarana bilər. Bir sıra qabaqcıl şirkətlər artıq onlara İT lazımdır yoxsa yox sualını vermirlər. Çünki dəqiq bilirlər ki, İT onların rəqabətədavamlı mühitdə tab gətirə bilmələri, daha məhsuldar və səmərəli iş apara bilmələri üçün onlara çox lazımdır.  

Effektiv və rəqabətədavamlı ola bilmək üçün müasir cəmiyyət və iqtisadiyyat biznes mühitini bir sıra dəyişikliklərə sürükləyir. Hər gün məişət xidmətlərindən istifadə edib onlardan nəsə əlavə bir şey almağa çalışırıq və burada rahatlığın olması çox vacibdir.

Məsələn, həyatımızın tamamilə qeyri-texnoloji sferalarından birini nəzərdən keçirmək kifayət edər. Xaricdən qayıdarkən insanlar çox vaxt Avrobirliyin ƏDV-sini qaytarmaq istəyilə qarşılaşırlar. Bu proses əvvəllər aşağıdakı şəkildə baş verirdi: yığılan verginin bank hesabına köçürülməsi üçün kassaya getmək və ƏDV-ni nəğd pulla almaq, ya da məktub göndərmək lazım gəlirdi.  İndi isə bu proses sadələşdirilib: bir çox hava limanlarında plastik kartın məlumatlarını oxuya bilən xüsusi aparat vardır, bu qurğu məktub yazmaq və banklara getmək qayğısından insanları azad edir, 5 gün sonra isə bank hesabına həmin sözügedən ƏDV oturdulur. Bu dəyişiklik son 2-3 ildə meydana gəlmiş və xırda bir məsələ kimi görünə bilər, lakin bu məsələ sübut edir ki, hazırda İT həyatımızın bütün sahələrinə nüfuz etmişdir.

Məhz belə xırdalıqlar bizim gündəlik hıyatımızın bir hissəsini təşkil edir və müasir İT məhz onların dəyişilməsinə yönləndirilməlidir.

Növbəti dəyişikliklərin İT-nin mövcud olduğu və olmadığı ənənəvi sahələrə olacağı gözlənilir. Bu proses telekommunikasiya və ya bank sahələrində hazırda baş verən dəyişikliklərdən fərqli olaraq ənənəvi sahələrdə daha nəzərəçarpan şəkildə meydana gələcəkdir.

Əlbəttə, hər il texnologiyaların böyük irəliləyişlər etdiyi və hər zaman həyatımızın önəmli yerlərindən birinə tutan sahənin, yəni tibb sahəsinin adını burada çəkməsək olmaz. Sadəcə bir anlıq düşünün ki, məlumatların təhlili xəstəlik tarixçəsini və tibbi kartı nə dərəcədə dəyişə bilər. Və ya DNK analizinin açıqlaması artıq allergiya növlərini və genetik xəstəlikləri göstərə bilir, bu da müalicə planını qurmaq işini və xəstənin gələcək həyatını nisbətən asanlaşdırır. İT ətrafımızdakı aləmi dəyişir və deməli, bizi də dəyişir.

Həyati baxımdan zəruri xidmətlərin belə geniş yayılması və təkmilləşdirilməsi həmçinin qanunvericilik və sosial-psixoloji xarakter daşıyan məsələlərdə ciddi nəticələrə gətirib çıxara bilir. Məsələn, psixoloji xarakter daşıyan məsələ dedikdə Avropanı misal çəkə bilərik. Artıq son 15-20 ildir ki, Avropada yaşayan insanlar küçədə atdıqları hər bir addıma diqqət yetirirlər. Çünki onların küçədə etdiyi hər bir hərəkətin kamera nəzarət sisteminə düşdüyünü və nəticədə qanun pozuntusuna yol verəcəkləri təqdirdə bunun cəzasının böyük olacağını bilirlər. Bizim üçün bu dəyişiklik bir az normadan kənar görünsə də, gələcək nəsil üçün bu, əqli səviyyədə bərkidilmiş tam normal bir hal olacaqdır.

Həmçinin unutmamalıyıq ki, gizlilik zamanı artıq geridə qalıb, indi hamı şəxsi məlumatları ilə şəbəkələrdə bölüşə bilər. Belə hallar cinayət əməllərinin qarşısını ala bilmək üçün də yaxşıdır. Bura kameraları və ya internet əşyaları sensorlarını misal çəkmək olar; onlar izləmə qurğusu rolunu oynayaraq uşaqlarınızı izləməkdə sizə kömək edə bilər və ya təhlükəsizlik sistemi rolunu oynaya bilər (evinizə və ya iş masanızın siyirtməsinə kiminsə qanunsuz şəkildə girdiyi təqdirdə siqnal verə bilər).
 
Lakin ortaya çıxan sual ondan ibarətdir ki, biz bu məlumatlarla nə dərəcədə bölüşmək istəyirik və ya həmin məlumatlar lazım olmayan şəxslərin əlinə düşərsə, nə baş verə bilər? Və ya ticarət şəbəkələrinin, sosial medianın və xüsusi təyinatlıların nümayəndələrinin bizim haqqımızda öz dostlarımızdan da çox şey bilmələrini istəyirikmi və bunun həyatımıza gətirə biləcəyi nəticələr nə ola bilər? Sadəcə bu suallara cavab verib seçimimizi etmiş ola biləcəyik.
 
Mənbə: hbr-russia.ru

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin