20 iyul 2016 17:26

Yaşadığımız dünyanı dəyişəcək 25 ixtira

2015-ci il bir sıra texnoloji ixtiralar və yeniliklər ilə yaddaqalan il oldu. Buraya valideynlərə yardım edə biləcək ixtiralardan tutmuş sağlamlıqla bağlı çoxsaylı yeni fikirlərin irəli sürülməsi, ətraf mühitlə bağlı çoxsaylı həllər və s. daxil idi. Əsas yaddaqalan və nəzərəçarpan yeniliklər, əsasən aşağıda adları çəkilən 25 ixtira ki, bunlar bizim yaşadığımız dünyada böyük bir dəyişiklik edəcəkdir.

  1. "Hoverboard" Skuter

“Hover” sözünün mənası “havada uçmaq” deməkdir. Baxmayaraq ki, bu avadanlıq havada uçmur, lakin o, 2015-ci ilin ən məşhur cihazlarından birinə çevrildi. Bu elektrik nəqliyyat vasitəsi hər iki tərəfdən, uc hissədən təkərlərə bərkidilmiş köndələn tamasadan ibarətdir və onun elektroakkumulyator enerjisi ilə işləyən elektrik mühərriki də vardır.
Bu tip skuterlər digərlərindən fərqli olaraq giroskopik sensorlar vasitəsilə öz-özünü avtomatik tarazlaşdıraraq tənzimləyir və balansı saxlamaq imkanı verir. Deməli, bu skuter növü ayaqları üfüqi səmtdə saxlamağa imkan yaradan hissələrdən ibarətdir. Belə skuterlərin qiyməti onların brendlərindən, markalarından və xüsusiyyətlərindən asılı olaraq 350-1000 dollar arasında dəyişir.

  1. “Lowline Lab” yeraltı parkı

Sözügedən parkın layihəsi Den Baraş (Dan Barasch) və memar Ceyms Remsi (James Ramsey) tərəfindən hazırlanmışdır. Konsepti isə köhnə viran qalmış məkanı yaşıllıq ərazisinə, daha dəqiq desək, parkına çevirmək idi. Buna görə də burada çalışan heyət unudulmuş yeraltı məkana yeni həyat gətirmək istədi və buna nail oldular.

Burada xüsusi və mürəkkəb fiberoptik kabellərin kompleks sistemi vasitəsilə gün işığı damdan keçib yeraltı parkın içərisinə düşür və əksetdirici elementlərin, günbəzin köməyilə oradan bütün sahəyə yayılaraq bitki və güllərin boy atmasına imkan yaradır. Hazırda parkın prototipi Nyu York şəhərində qurulmuşdur, lakin parkın yekun versiyası hələ də təsdiq və fandreyzinq mərhələsindədir. Bu isə o deməkdir ki, bu layihənin tam olaraq reallaşması üçün bir neçə icazənin alınması və 70 milyon dollaradək vəsait lazımdır.

  1. “Gluten Sniffer” – qlütenin miqdarını müəyyən edən sensor

Bütün dünyada bir çox insanlar qlütenə qarşı həssaslıqlarından və çölyak (seliakiya) xəstəliyindən əziyyət çəkirlər. Belə insanlar buğda, arpa, çovdar və yulaf kimi taxıllarda olan qlüten zülalından uzaq dayanaraq qidalanmağa çalışırlar, çünki bu xəstəlik həyat boyu davam edən bir qida allergiyasıdır. Belə insanlar hər dəfə restoranlara getdikdə yemək ilə bağlı narahatlıq keçirirlər və qlüten zülalının bəzi qidalarda çox olmasından əziyyət çəkirlər.

6SensorLabs şirkəti tərəfindən təqdim edilən “Nima” cihazı isə artıq 2016-cı ildə qida və içkilərin tərkibində qlütenin miqdarını yoxlamağa imkan verəcəkdir. Bu proses cəmi 2 dəqiqə vaxt aparacaqdır. Bunun üçün sadəcə qidanın kiçik bir hissəsinin nümunəsini həmin qurğuya yerləşdirmək lazımdır, sonra birdəfəlik kartricdəki müvafiq antikorlar qlüten zülalının qidada olub-olmamasını göstərirlər. Qidanın tərkibində qlüten olarsa o zaman cihazda qəmgin işarəsi, olmazsa o zaman gülüş işarəsi görsənəcəkdir.

Adıçəkilən qurğunun 2016-cı ildə satışa çıxarılması gözlənilir.

Qeyd edək ki, 6SensorLabs şirkətinin həmtəsisçisi Şirin Yeyts özü də sözügedən xəstəlikdən əziyyət çəkir və həmişə bu cür allergiyası olan insanlara kömək etmək istəyirdi, ona görə də bu ideyanı reallaşdırdı.
 

  1. Aktiv dinləmə üçün biyonik qulaqcıqlar

Bu heyrətamiz aktiv dinləmə qulaqcıqlarının üstünlüyü ondan ibarətdir ki, onun köməyilə xoşagəlməz səsləri azaltmaq və ya ləğv etmək olar.

Bu qurğunu Doppler Labs şirkəti yaratmışdır. Qurğu smartfonlardakı xüsusi tətbiq (applikasiya) vasitəsilə tənzimlənir və nəticədə istədiyiniz səsi nizamlaya bilərsiniz. Məsələn, metrodasınız və kiminləsə danışmaq istəyirsiniz, lakin səs-küydən danışa bilmirsiniz. Bu zaman həmin qulaqcıqlar sizə imkan verəcək ki, rahat danışığınızı aparasınız və metrodan gələn çoxsaylı xoşagəlməz səsləri, məsələn, qatarların səsini, insanların səs-küylü danışığını və s.-ni, qulaqcıqlarınızı tənzimləməklə yox edəsiniz və ya azaldasınız. Bunun üçün mobil tətbiqdə sadəcə “metro” funksiyasını seçmək kifayət edəcəkdir. 

  1. “Eco Core”adlı ağıllı rəqəmli stetoskop

Səhiyyədə çalışan istənilən peşəkar bilir ki, ürək döyüntülərini dinləmək və bu prosesdəki pozuntuları aşkarlamaq nəinki əsl bir sənət, o cümlədən bir elmdir. Bu, normal və anormal halları bir-birindən fərqləndirməyə də kömək edir.

Eco Core stetoskopunun xüsusi adapteri ona qoşulduqdan sonra ürək döyüntüsünün ritmi bulud xidmətinə bağlanır və ürək döyüntüləri barədə məlumatlar da oradakı bulud saxlancına göndərilir və həmin saxlancın məlumat bazasında saxlanılır və vaxtaşırı təhlil edilə bilər. Bundan sonra isə ürək döyüntülərini həmçinin smartfona da yükləmək mümkün olur. Smartfona quraşdırılmış xüsusi mobil tətbiqi proqramı vasitəsilə həmin ürək döyüntüləri ritmi təhlil edilir və bulud xidmətinin bazasında əvvəllər yerləşdirilən ritmlərin nəticələri ilə müqayisə edilir.  

Bununla da həkimlər ürək döyüntülərilə bağlı dəyişiklikləri eşidə biləcək, ürək anomaliyalarını aşkar edə biləcəkdir, eləcə də nəticə çıxararaq problemi aşkar edib onu düzəltməyə çalışacaqlar. Bu qurğu hazırda San Fransiskoda yerləşən Kaliforniya Universitetinin laboratoriyasında sınaqdan keçirilir və sınaqlara rəhbərliyi aparatı icad edən komandanın məsləhətçisi, kardioloq həkim Con Çorba edir.

Qurğu uğurla sınaqdan keçərsə, o zaman səhv diaqnoz qoymaqla yaranan həkim səhvlərinin qarşısı qismən alına bilər, analizlərin dəqiqliyi yüksələr və o cümlədən xəstələrin exokardioqrafiya kimi bahalı testlərə getmədən pullarına və vaxtlarına qənaət etmək imkanları yarana bilər. Nəticədə, “Eko Core” aparatı bütün bu bahalı vasitələri və testləri əvəz edə bilər.

  1. “Hololens” - Microsoft şirkəti tərəfindən icad edilən virtual reallıq qarniturası

Bu qurğu reallığı yeni üslubda görmək imkanı verir. Hazırda NASA mütəxəssisləri Marsda ətraf mühitin stimulyasiyası üçün bu ixtiradan istifadə edir. Eyni zamanda tibb universitetinin tələbələri də insanın quruluşunu virtual şəkildə öyrənmək üçün həmin qurğudan istifadə edə bilərlər.  Bu qurğu həmçinin çox rahatlıqla video oyun aləminin də bir hissəsi ola bilər, Oyunda bu qurğunun köməyilə oyunçular öz evlərini basqından qoruya və ya digər bu kimi real vəziyyətlərdə özlərini sınaya bilərlər.

  1. Banza Pasta – enerji verən makaronlar

Makaronlar uzun illərdir ki, bizim rasionumuzun böyük hissəsini təşkil edir. Lakin sözügedən Banza Pasta makaronlarının digərlərindən fərqi odur ki, onun tərkibindəki protein 2 dəfə, liflər isə 4 dəfə artıqdır və az miqdarda karbohidratlar, çox miqdarda liflər müşahidə edilir.

Tərkibində qlüten yoxdur. Qeyri-sağlam nəticələrə gətirən bir tərkibi olmadığına görə italyan qidası olan bu pastadan hər yerdə zövq ala bilərsiniz. Hazırda bu pasta ABŞ-ın bütün ərazisində, təxminən 1700 mağazada satılır və çox dadlı bir makaron növüdür. 

  1. Masaüstü DNT laboratoriya

“Juno” DNT laboratoriyası DNT (dezoksiribonuklein turşusu) zəncirinin tədqiqi və onun digərləri ilə müqayisəsi üçün yaradılan qurğudur. Bu qurğunun digər DNT təhlili üzrə standart metodla işləyən qurğulardan fərqi odur ki, digər qurğularda DNT təhlilinin nəticələrinin alınması üçün bir gün və ya sutkalarla gözləmək lazım olurdusa, bu qurğu vasitəsilə proses cəmi 3 saata başa gəlir. Bu da genetik xəstəliklərin öyrənilməsində, sürətli təhlillərin aparılmasında, otoimmun xəstəlikləri ilə bağlı dərmanların axtarılmasında, sümük iliyi donorlarının axtarılmasında vaxta qənaət etməyə imkan verəcəkdir.

Bu ixtiranın əsası “Fluidigm” mikroçipindən ibarətdir. Bu çipin köməyilə ölçüdə su damcısından 1000 dəfə kiçik nümunəni tədqiq etmək və üzərində təhlil aparmaq mümkündür.

Qurğunun qiyməti 120 min dollardır və hazırda qurğu bir sıra elmi-tədqiqat laboratoriyalarında və təşkilatlarda istifadə edilir. Lakin bunu ixtira edən şirkət gələcəkdə qurğunun istifadə çərçivəsini genişləndirməyə ümid edir.

  1. “Star” mənzilləri – evsizlərə kömək məqsədilə qurulan ev kompleksi

Los-Anceles (ing. Los Angeles) şəhərində yerləşən bu ev evsizlərə, xüsusilə də dövlət xəstəxanalarının qəbul etmədiyi xəstə evsiz insanlara kömək məqsədilə və onların həyata yenidən bağlanması məqsədilə tikilmişdir. Belə yerlərdə evsizlər özlərinə müvəqqəti sığınacaq tapa və ya anbarlarda müvəqqəti məskən sala bilərlər.

Bu evin ərazisi kiçik bir yurdu xatırladır. Sözügedən ev kompleksi 102 studio mənzildən, həmçinin 4 terras, 1 xəstəxana, bağ, qaçış yolu və sinif otaqları üçün məkandan ibarətdir.    

  1. Təhlükəsiz yük maşını

Yol qəzalarının sayı son zamanlar çox artmışdır, xüsusilə də yük maşınlarının üzləşdiyi yol qəzalarının sayı artmaqda davam edir. Buna görə də yük maşınlarının yol qəzalarına düşməməsi üçün Samsung şirkəti Leo Burnett reklam agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində yük maşınları üçün yeni texnologiyanı işləyib hazırlamışdır. Bu yeni texnologiya vasitəsilə yük maşınları ilə bağlı kələ-kötür yollarda baş verən qəzaların sayını minimuma endirmək mümkün olacaqdır. Bu sistemdə yük maşınının ön hissəsində videokamera quraşdırılmışdır və sistem maşının arxasında quraşdırılan 4 böyük monitora məlumat ötürür. Bu da həmin yük maşınının arxasında hərəkət edən digər yük maşınlarına öndəki yük maşını ilə bağlı nələrin olduğunu görməyə imkan verir.

Qeyd edək ki, “Safety Truck” təhlükəsiz yük maşını ilk sınağında 1000 km-dən artıq yol qət etmiş və heç bir qəzaya düşməmişdi.

  1. Sproutling – uşağın əhvali-ruhiyyəsini təyin edən treker

“Sproutling” şirkətinin yeni məhsulu olan bu treker vasitəsilə valideynlər “Övladım necədir” sualına asanlıqla cavab tapa və övladlarının sağlamlığı barədə 24 saat məlumatda ola bilərlər. Fitnes-trekeri xatırladan bu cihazın çoxsaylı funksiyaları vardır: uşağın ürək ritmlərini, bədəninin hərarətini, mövqeyini və digər məlumatları qeydə alır. Həyəcan yaradan hal baş verdikdə isə bu haqda valideynlərin smartfonuna xəbər ötürür. Bunun üçün valideynlər sadəcə müvafiq proqram tətbiqini öz smartfonlarına yükləməlidirlər.   Bundan əlavə bu cihaz həmçinin uşağın yatıb-durma anlarını da təhlil edir və məlumatları toplayaraq gələcəkdə uşağın nə vaxt oyanacağını proqnozlaşdıra da bilər.

Qeyd edək ki, layihənin məqsədi uşağın davranış və əhvali-ruhiyyəsi barədə daha çox və daha ətraflı məlumat verməkdir.

  1. Amazon və Google şirkətlərinin səyilə Ruandada dronlar (pilotsuz uçan aparatlar) üçün aeroport

Hər iki şirkət öz yüklərini mümkün qədər tez çatdırmaq üçün dronlardan istifadə edilməsinə ehtiyaclarının olduğunu bildirmişlər. Bu pilot layihənin baş tutmasına ehtiyac vardır, çünki layihə baş tutarsa o zaman dərman vasitələri, elektron cihazlar və qida insanlara çox tez çatdırıla bilər. Bu layihə xüsusilə Afrikanın, Ruandadakı yollarının çox pis vəziyyətdə olması səbəbilə Ruandada baş tutacaqdır. Çünki Ruandadakı yolların əlverişsiz olması səbəbindən dərman vasitələri, elektron cihazlar və qida insanlara çox gec çatdırılır.

Hazırda Ruandada dronlar üçün aeroport tikintisi gedir. Layihənin ilk mərhələsində iştirak edən şirkətlərdən biri də Foster+Partners şirkətidir.

Layihənin məqsədi gələcəkdə digər ölkələrdə də bu şəkildə dronların köməyilə səhiyyədəki bir sıra problemləri həll etməkdir.

  1. Thinx – bezləri əvəz edən qadın alt geyimi

Bu qadın alt paltarı olan tumanlar Şrilankalı əkiz bacılar Miki və Radxa Aqraval və onların biznes tərəfdaşı Antonia Danbar tərəfindən yaradılmışdır. Məqsəd isə çoxsaylı və baha başa gələn bezlərdən imtina edib pula qənaət etmək üçün 4-qat nəmliyi saxlayan qat və antimikrob parçadan ibarət estetik görüntünü pozmayan, yuyulduqdan sonra təkrar istifadə edilə bilən alt paltar yaratmaq idi. Buna nail ola bildilər, nəticədə xanımlar pullarına qənaət edərək, təkrar yuyula bilən və kritik zamanlarda estetik görüntünü pozmayan alt paltarlardan istifadə edə biləcəklər.

  1. Casper Mattress – qutu çarpayı

Casper şirkətinin rəhbəri Filip Krim çarpayı üçün döşək axtarmaq qayğısından insanları xilas edərək vaxta qənaət etmək imkanı verən məhsul yaratmaq qərarına gəldi.  Konsepsiyası isə bundan ibarətdir: qutuda heç də bahalı olmayan köpük qarışığından ibarət bir döşək olur, onu eksklüziv olaraq sadəcə internetdən əldə etmək mümkündür və bu da insanların çəkə biləcəyi xərcləri aşağı salır və vaxta qənaət etmələrinə kömək edir. Müştəri döşəyi vakuum qablaşdırmanın içində əldə edir, onu sınaqdan keçirir və döşək xoşuna gəldikdə özündə saxlayır. Xoşuna gəlmədikdə isə 100 gün müddətində geri qaytara bilir, lakin Krimin dediyinə görə bu çox nadir hallarda baş verir.

  1. Apple Pencil – virtual fırça

Bu fırçanın köməyilə adi karandaşın bütün xüsusiyyətlərini virtual aləmdə təqlid etmək mümkün olacaqdır.

Bu gün hamının istifadə etdiyi karandaş təxminən 450 il əvvəl ixtira edilib. Karandaş istənilən bucaq altında yaza bilir və onun çalarlarının fərqliliyi sıxma gücündən asılıdır. Eyni funksionallığı rəqəmli formatda reallaşdırmaq çətin məsələ idi. Məhz bu səbəbdən “Apple Pencil” başqa stiluslardan fərqlənir. 

Sözügedən qurğu kətan və ya kağız rolu oynayan ekran üzərində yazmağa və çəkməyə imkan yaradır. “Apple Pencil” stilusunun ixtirası şəkil, animasiya və çertyojları yeni üsulla yaratmağa kömək edəcək. Stilusun işləməsi üçün iPadPro planşetinin olmasına ehtiyac vardır. Bu qurğuların köməyilə əsl sənət əsərləri, şah əsərlər, şəkillər, cizgi filmləri və ya heyrətamiz cizgilər yaratmaq mümkün olacaqdır.

  1. Nike Flyease 8 – bir əllə ayaqqabı bağlarını bağlayan krossovkalar

Bu ayaqqabıların yaradılması ideyası beyin iflicindən əziyyət çəkən Metyu Uolzerin Nike şirkətinə 2012-ci ildə yazdığı məktubdan sonra meydana gəldi. Məktubunda o, kollecə qəbul olmaq istədiyini və lakin kiminsə köməyilə deyil, artıq müstəqil şəkildə ayaqqabı bağlarını bağlamasını istədiyini yazırdı.

Nike bu məktubu nəzərə alıb bir çox insanların həyatını nəzərəçarpan dərəcədə yüngülləşdirəcək krossovkaları yaratmaq qərarına gəldi. Məşhur basketbolçu Lebron Ceyms ilə birgə əməkdaşlıq edərək şirkət bir əllə ayaqqabı bağlarını bağlamaq mexanizmiylə təchiz edilmiş Flyease 8 krossovkalarını yaratdı və ictimaiyyətə təqdim etdi.

Bu ayaqqabıların mexanizmi çox sadədir: yəni kəməri dartdıqda bağ özü-özünü bərkidib bağlanacaqdır. Bu krossovkaları təkmilləşdirmək üçün şirkət onların üzərində bir az daha işləmək lazım olduğunu düşünür. Lakin qeyd edək ki, Metyu Uolzer onlardan çox məmnun qaldı və onun sözlərinə görə bu ixtira nəinki ona rahatlıq, eyni zamanda daha çox müstəqillik də gətirdi.

17. Pantelligent – ağıllı tava

Mətbəx avadanlıqları arasında əsas yer tutacaq bu tavanın köməyilə siz bişirdiyiniz yeməkləri, məsələn: əti və ya digər qidanı nə vaxt o biri üzünə çevirməli olduğunuzu müəyyən edə bilərsiniz. Bu qurğu Massaçusets texnoloji institutundan olan Umberto Evans və Mayk Robins tərəfindən icad edilmişdir.
Bu tavadan istifadə edə bilmək üçün ilk öncə xüsusi tətbiqi (applikasiyanı) öz smartfonunuza yükləməlisiniz. Sonra orada sizə lazım olan resepti seçməlisiniz. Bundan sonra telefonunuz Bluetooth vasitəsilə tavaya qoşulur və tavada quraşdırılan “qızdırılma” sensoru “qidanın hazır olması” barədə məlumatı sizin telefonunuza ötürür.
Fərz edək ki, bu tavaya ət qoymusunuz. O zaman ətin bir tərəfi bişdikdə və ya qızardıqda həmin qızdırılma sensoru sizin smartfonunuza ətin qızardığı barədə məlumat ötürəcəkdir. Buna görə də siz hər dəfə onu çevirib baxmaq qayğısından azad olacaqsınız. Məlumat telefonunuza gələn kimi əti o biri üzünə çevirib bişirə biləcəksiniz.

18. Drinkable Book – suyu filtrasiya edən kitab

Yüz milyonlarla insan təmiz sudan istifadə edə bilmir. Bu məsələ ilə bağlı çoxsaylı həll yolları təklif olunsa da, onlar ümumən çox xərc və tutum tələb edən yollar olmuşdur. Lakin Drinkable Book isə hər şeyi dəyişə bilər. Bu kitabın səhifələri su filtrləri rolunu oynayır. Banqladeş, Qana və Cənubi Afrikada bu ixtiranın sınaqlarından çıxarılan nəticələr zamanı aydın olmuşdur ki, həmin kitab zərərli bakteriyaların hamısının 99%-ni tutub saxlaya bilər.

Hazırda alimlər suyu viruslardan azad edə bilən bu kitabın çirklənməni nə dərəcədə yox edə bilmək qabiliyyətini yoxlayırlar. Artıq filtr-kitabını kütləvi şəkildə istehsalata buraxmağa hazır olan investorlar da tapılmışdır.

 

19. Ocean Cleanup Project – dünya okeanı üçün “tozsoran”ın yaradılması

Bu layihənin məqsədi çox sadədir: dünya okeanında çoxlu sayda çirkablar, tullantılar üzür. Bunları bir-bir toplamaq isə çox çətindir. Əgər onlar hamısı yığılsa, o zaman bu tullantılardan bir “qitə” yaratmaq olar və ya ən azı kiçik bir ada yaratmaq mümkündür. Bu layihə üzərində çalışan alimlər düşünürlər ki, bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə 100 km uzunluğunda olan üzən baryer yaratmaq lazımdır. Belə qurğunun qiyməti 15 milyon dollar təşkil edir.

Bu konstruksiya tullantıları axının köməyilə tutub saxlayır. Qurğunu su səthindən 3 metr aralıqda quraşdırırlar ki, bu da balıqların hərəkətinə mane törətməsin. Sınaqlar uğurla başa çatarsa, qurğu 2020-ci ildə istifadəyə buraxılacaq və onun köməyilə 10 il müddətində okean tullantılarının sayını 42%-dək azaltmaq mümkün olacaqdır.

 

20.  TZOA – havanın çirklənməsini müəyyən edən detektor

Bu sözügedən qurğu bizi əhatə edən mühitdə havanın tərkibini, nə dərəcədə çirklənib-çirklənmədiyini müəyyənləşdirməyə imkan verəcəkdir. Qurğunu yaradan Kevin Hart deyir ki, bu detektor havadakı çirklənmələri, havanın hərarətini, bərk cisimləri (allergenləri) təyin etməyə qadirdir. Stasionar qurğu toz, tozcuq, kif, işlənmiş qaz kimi bərk cisimlərin sayını, günəş radiasiyası axınının sıxlığını ölçərək havanın analizini həyata keçirə biləcək müəssisəyə “bulud” vasitəsilə məlumatları ötürür.
 

21.  Hackaball – uşaqlara proqramlaşdırmanı öyrədən top

Made by Many şirkətində düşünürlər ki, uşaqlara lap kiçik yaşlarından proqramlaşdırmanı öyrətmək lazımdır. Bunun üçün onlar belə bir top icad etmişlər. Bu oyuncaq top mobil tətbiqə qoşulur və uşaqlar onun vasitəsilə proqramlaşdırmaya başlaya bilərlər. Bunun iş prinsipi belədir: məsələn, uşaq topa rəng çalarını dəyişmək təlimatı verir və top qırmızı rəngə çevrildikdə onu digər uşağa atır. Beləliklə də uşaqlar “isti kartof” oyununu proqramlaşdırmanı, kodlaşdırmanı öyrənərək oynayırlar.

 

22.  Google Cardboard – kartondan virtual reallıq yaratmaq


Oculus Rift və digər bu kimi çoxsaylı virtual reallıq qurğuları yüzlərlə dollara başa gələ bilər. Lakin Google Cardboard isə bütün bunları dəyişə bilər.

Sözügedən qurğu 2014-cü ildə təqdim edilmişdi. İxtiranın köməyilə istifadəçi onlayn qoşulmuş təlimat və adi smartfon vasitəsilə kartondan virtual reallıq qurğusu yarada, onu simulyasiya edə biləcəkdir. Bunun üçün sadəcə maşını (məsələn, video oyun oynamaq və ya sevimli ifaçının konsertinə getmək) idarə etmək imkanı yaradan mobil tətbiqi (applikasiyanı) yükləməyiniz kifayət edər.

23.  Artiphon – çoxlu musiqi alətlərini təqlid edən portativ alət

Strukturu baxımından sizin əvvəllər gördüyünüz musiqi alətinə bənzəməsə də, əslində Artiphon çox dəqiqliklə onlarla müxtəlif musiqi alətinin səsini təqlid edə bilir. Məsələn, bu alətdə siz sanki gitaradakı kimi çala, ya da piano düymələrini basmağı təqlid edərək çala bilərsiniz.

O cümlədən, bir neçə alətdə eyni anda çala bilərsiniz. Məsələn, həm gitarada, həm də nağarada çala bilərsiniz.

24. Tesla Model X

Bu, dünyada ilk lüks elektromobildir ki, bir yüklənmədə 250 mil (402 km) yol qət edə və 7 nəfərədək adam götürə bilir. İdman tipli (SUV) avtomobillərdə olduğu kimi bu elektromobil də çox aşağı ağırlıq mərkəzinə malikdir və bu da Tesla Model X vasitəsinin rahat idarəedilməsinə imkan yaradır. Avtomobil 4 saniyədə 100 km/s sürətlə hərəkət edir.
 

25.  Balacaların həmsöhbəti olacaq oyuncaq dinozavr

Yaxın gələcəkdə uşaq mağazalarında balacaların suallarına cavab verəcək və onlarla müxtəlif mövzularda söhbət edə biləcək “intellektual” oyuncaqlar peydə olacaq. Bunun üçün IBM şirkətinin “Watson” superkompüterinin süni intellekt sisteminin yaratdığı imkanlardan istifadə ediləcək.

Bu tip oyuncaqlar yaddaşında əvvəlcədən yazılmış adi ifadələrlə cavab vermir və ya insanın arxasınca tutuquşu kimi təkrarlamır. Əksinə, tərkibində quraşdırılmış süni intellekt sisteminin köməyilə sadə məzmunlu suallara cavab verə biləcəkdir.

Bu cür oyuncaqlar 5-9 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulub.

Oyuncağın iş prinsipi belədir: Wi-Fi çıxışı olan oyuncaq ensiklopedik suallara cavab verə biləcəkdir. Oyuncaq məsələn, “Yer kürəsindən Aya qədər olan məsafə nə qədərdir” kimi sadə suallara cavab verəcəkdir. Eyni zamanda bu oyuncaq uşaqlara da sadə suallar verə biləcəkdir. Məsələn: “2+2 neçə edir?” və ya “10-a kimi saya bilərsən?”kimi suallar verə, həmçinin verilən cavabları araşdıra və lazım olduqda nisbətən daha mürəkkəb suallar verə bilər.

Hər bir oyuncaq öz sahibini tanıyacaq, onun maraq dairəsinə bələd olacaq, uşağın yaşı və intellektinin artması ilə o da, öz növbəsində, bilik səviyyəsini artıracaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin