Azərbaycanda bəzi biznes nümayəndələri banklardan alınan kreditləri sonradan başqa məqsəd üçün istifadə edirlər.
Eləcə də bax: “AccessBank”: “Ötən il əmanət portfelimiz 160 milyon manat artıb” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə «AccessBank»ın İcraçı direktoru Əfqan Baxışov bildirib.
Ə.Baxışov bildirib ki, 2019-cu ildə hüquqi şəxslərə 886 milyon manat biznes kredit verilib bu da illik 13% artım deməkdir, nəticədə biznes kreditlərinin ümumi məbləği 7,6 milyard manata çatıb: «Az məbləğ deyil, amma Azərbaycan iqtisadiyyatının cəlb edə biləcəyi və tələb olunan məbləğ daha böyükdür».
Biznes kreditlərin verilməsi ilə bağlı çətinliklərə toxunan Ə.Baxışov bildirib ki, bölgələrdə bəzi əmlakların girov kimi qəbul edilməməsi və real sektora kreditlərin az olması biznes üçün problem yaradır: «Banklar yəqin ki, buna diqqət yetirəcəklər və strategiylarınv yenidən baxacaqlar. Artıq bildiyimə görə, bir çox banklar bu məsələdə dəyişilik edib və biznes kreditlərinə marağı artırıblar».
Bank nümaynədəsi bildirib ki, bəzi hallarda iş adamları bankların kredit ayırmamasından şikayətlənsələr də, bu məsələ onların da günahı var: «Bəzən narazılıq olur ki, banklar niyə biznesə kredit vermirlər. Hansı banklar ki, biznes sektorunda ixtisaslaşıblar, onlar bilirlər, amma ümumilikdə nə baş verir – praktikada olur ki, biznes subyekti kredit üçün müraciət edir, o krediti alır və artıq başqa məqsəd üçün istifadə edir. Nəticədə bu hal artıq nəinki onun özü üçün, həm də digər sahibkarlara etimadsızlıq yaradır».
Ə.Baxışov bildirib ki, banklarda risk qiymətləndirməsi yüksək səviyyədə olduğu halda – çünki onlar peşəkarlaşıblar - amma biznes subyektləri buna o qədər də məhəl qoymurlar: «Bəzən də kredit alırlar bir layihə üçün, amma sonra onun hansısa hissəsini digər layihəyə sərf edirlər. Və ya ümumiyyətlə bir neçə layihə üçün birdən müraciət edirlər və baxırıq ki, onların bu layihələri reallaşdırmaq üçün imkanları yoxdur və öhdəsindən gələ bilməyəcəklər. Amma imtina edildikdə narazılıq yaranır və ümid edirik ki, bu məsələ də gələcəkdə əksini tapacaq».